Məhkəmə qərarları › İş №2(012)-3315/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3315/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3315/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4550/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən hər ay tutulan alimentin miqdarının artırılaraq sabit pul məbləğində 250 manat alimentin və mediasiya sessiyası üçün ödənilmiş 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş 17 sentyabr 2008-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması müəyyən edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4550/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə 17 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 95 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Bu məbləğ təxminən 10 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi tələbatlarını ödəmək tək və işsiz qadın olaraq onun üçün çox çətindir. Hal-hazırda uşaq əlavə olaraq rəsm və musiqi məktəblərində təhsil alır, ingilis dili üzrə kursa gedir. Onun isə maddi vəziyyəti ağırdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və onun qismən təmin olunmasını xahiş etdi. O bildirdi ki, maddi vəziyyəti pis olduğundan hər ay 120 manat aliment ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İİ 285341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 17 sentyabr 2008-ci ildə X2 adlı uşaq doğulmuşdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 4550/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 17 sentyabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çalana kimi saxlanması üçün 02 iyul 2013-cü il tarixdən başlayaraq, hər ay 95 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Dəniz adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Dəniz adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)- 4550/2013 saylı qətnaməsinə əsasən 17 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 95 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4550/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 17 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən mediasiya sessiyası üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar