Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3317/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 11,200 (on bir min iki yüz) manat əsas borc, 1,400 (bir min dörd yüz) manat 2 illik faiz borcu, cəmi 12,600 (on iki min altı yüz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır. Münasibətləri hər zaman normal olmuşdur. 2018-ci ilin son aylarında cavabdehin pula ehtiyacı olduğundan ondan borc qismində 23000 manat pul almışdır. Həmin məbləğdə pulla o, özünə məxsus evin hərraca çıxarılmasının qarşısını almışdır. Sonra Xanımcan ona borcunun əvəzində Xırdalan şəhərində yerləşən torpaq sahəsini təklif etsə də, çıxarış ala bilmədiyi üçün həmin torpaq sahəsini borcunun əvəzində ona verə bilməmişdir. Abşeron RPİ-nin TŞ-nin 21 iyul 2020-ci il tarixli qərarına əsasən, onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona 11200 manat tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, onunla cavabdeh arasında olan şifahi razılaşma əsasında Cavabdeh 23000 manat nağd pulu borc qismində vermiş, bu da onun və qarşı tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Sonradan borcun bir hissəsi qaytarılmış, lakin qalan hissəsinin vəd edilmiş vaxtda qaytarılmaması səbəbindən aralarında narazılıq yaranmış və bu da onun şikayət etməsinə gətirib çıxarmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1-ci və 76.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının ailə dostudur. Hadisə 2019-cu ildə baş vermişdir. Fatma xanım yaşla əlaqədar işdən çıxarılmış, sonra işə bərpa ilə bağlı cavabdehlə tanış olmuşdur. Cavabdeh iddiaçıya vədlər verərək 23000 manat pulunu almışdır. İddiaçı işin alınmadığını, cavabdehin pulu qaytarmadığını görüb müvafiq orqanlara şikayət etmişdir. Cavabdeh borcun bir qismini qaytarmış, qalan 11200 manat pul qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçının ailə dostudur. O, Abdulla, Fatma və Xanımcan görüşmüşlər. 23000 manat puldan 11200 manat borc qaldığını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində digər şahidlər X5 və X2 verdiyi ifadələri təsdiq etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 20 fevral 2020-ci il tarixdə bağlanmış borc müqaviləsindən və borc qəbzindən görünür ki, borc verən borc alana 11200 (on bir min iki yüz) manat məbləğində pul borc verir, borc alan borc məbləğini 01 iyun 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. - 31 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 20 fevral 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alana 11200 manat məbləğində pul borc vermiş, borc alan krediti 01 iyun 2020ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Bununla da, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında yaranan münasibətlər borc müqaviləsi adlansa da, adıçəkilən müqavilədə borc müqaviləsinin dispozitiv şərtləri mövcud deyildir. Belə ki, borc müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən cavabdehə 11200 manat pulun verilməsi iş materialları ilə təsdiq edilmir. Ona görə də qeyd edilən müqaviləyə borc müqaviləsi kimi deyil, qalıq borcun etirafı müqaviləsi kimi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işdə tədqiq olunmuş sübutlara qiymət verərək, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11200 manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən əlavə olaraq dəymiş maddi ziyana görə əlavə olaraq 1,400 (bir min dörd yüz) manat 2 illik faiz borcunun tutulmasını xahiş etsə də, həmin hissəyə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 11200 (on bir min iki yüz) manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3317/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3317/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver