Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3317/2022 13.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı cavabdeh Egrı Burhaneddinə qarşı pul tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh Egrı Burhaneddinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borca görə 80000 ABŞ dolları, öhdəliyə görə 64000 ABŞ dolları və əldən çıxmış faydaya görə 32000 ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 35.1-ci və 36.1-ci maddələrinin tələbinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 440.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olmayan – xarici fiziki şəxsə borc olaraq verilmiş pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehin ünvanı olaraq ünvan 1ikasının ərazisində sonuncu yaşayış yeri olan həmin ünvan üzrə sənədini iddia ərizəsinə əlavə etməməklə iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Həmçinin, X1 çıxarılmış məlumatdan görünür ki, cavabdeh Egrı Burhaneddinə müvəqqəti yaşayış üçün verilmiş icazə vərəqəsi ilə sonuncu Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ünvanına müvəqqəti qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun adlanacaq): 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsinə əsasən Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 7-ci maddəsinə əsasən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır. 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iş aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh Egrı Burhaneddinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3317/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3317/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver