Məhkəmə qərarları › İş №2(012)-3336/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3336/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3336/2025 14.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərin əvəzi olaraq 7000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən dayanacaqdan 165 saylı marşurut xətti ilə hərəkət edən avtobusa minərək iş yerinə gedərkən sərnişinlər üçün nəzərdə tutulmuş kartında gediş haqqı olmadığından gediş haqqını ödəyə bilmədiyi üçün həmin avtobusun sürücüsü - Cavabdeh tərəfindən ilk olaraq təhqir edilmiş, daha sonra isə üz və baş nahiyyələrindən sərt yumruq zərbələri ilə iddiaçını yerə yıxaraq bədən nahiyyələrinə təpiklə zərbələr endirərək onu amansızcasına döymüş, sonda onu huşsuz halda, çarəsiz vəziyyətdə qoymuşlar. Nəticə etibarilə təqsirləndirilən şəxs iddiaçıya ağır dərəcədə müxtəlif xəsarətlər yetirmiş və aldığı xəsarətlər nəticəsində sol göz qapağı parçalanmış, burun nahiyəsi əzilmiş, gözaltı və üz nahiyəsində şişkinliklər, göyərmələr, bel nahiyəsində əzilmələr, dərin sıyrıqlar yaranmışdır. Sonradan huşu özünə gələndən sonra baş gicəllənməsi, qusma və qaytarma halları baş vermişdir. Hal-hazırda da səhhətində ciddi problemlər var və görmə qabiliyyətində kəskin dərəcədə zəifləmə yaranmışdır. Ailənin bütün yükü iddiaçının üzərindədir. Aldığı xəsarətlərə görə nəinki işə getməyə, hətta gündəlik işlərini yerinə yetirməyə belə çətinliklər çəkir. Digər tərəfdən təqsirləndirilən şəxs barışıq əldə etmək üçün heç bir cəhd göstərməmiş, sağlamlığına qarşı yetirdiyi xəsarətlərə görə heç bir maddi və yaxud mənəvi dəstək göstərməmişdir. Odur ki, cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmişdir. Belə ki, cavabdehin iddiaçıya yetirdiyi xəsarətlər nəticəsində stress, əsəb və gərginliklə bərabər onu səhhətində yaranmış ciddi problemlərlə üz-üzə qoymuşdur. cavabdehin mənə qarşı törətdiyi cinayət əməlinə görə Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)- 621/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək barəsində 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs əvvəllərdə Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 128 və 221.1ci maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı törədilmiş qanunsuz fiziki zorakılıq nəticəsində həm maddi (hadisə ilə bağlı polisə, prokurorluğa və məhkəməyə getmək üçün sərf etdiyim vaxt və yol xərcləri; ictimai nəqliyyatda çətinliklə üzləşdiyim üçün əlavə nəqliyyat və digər gündəlik zəruri xərclər; hadisədən sonra psixoloji gərginlik və halsızlıq səbəbilə iş qabiliyyətimin azalması, nəticədə gəlir itkisi; proseslərdə iştirak üçün götürdüyüm məcburi icazə günləri səbəbilə itirilmiş gəlir və məişət çətinlikləri), həm də mənəvi (üz və baş nahiyəmdə yaranmış ağır travmalar və bunun nəticəsində uzun müddət davam edən əzab, ağrı və sarsıntılar; hadisə zamanı və sonrakı müddətdə keçirdiyim qorxu, alçaldılma hissi, psixoloji narahatlıq və ictimai imicimə vurulmuş zərər; göz və burun nahiyəmdə hələ də davam edən narahatlıqlar və görmə qabiliyyətimin zəifləməsi səbəbilə gündəlik fəaliyyətlərimdə yaşadığım çətinliklər; cəmiyyətdə, ailədə və şəxsi həyatımda yaşadığım mənəvi əzab və stress) zərərə məruz qaldığını bildirmiş, Cavabdeh 1000 manat maddi zərər, 6000 manat mənəvi zərər olmaqla, cəmi 7000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, aldığı xəsarətdən yaddaşında pozulma halları baş vermişdir, bu səbəbdən xəstəxanada müalicə almışdır və almağa davam etməlidir. Bununla bağlı həkimlərə çoxlu xərcləri çıxmışdır. Cavabdeh tərəfindən iddiaçının ünvanına nalayiq ifadələr istifadə olunmuşdur. Tərəflər arasında Sumqayıt Apellyasiya Məhkəməsində proseslər gedişatında cavabdeh həbs olunmuşdur. Aralarında razılıq, barışıq yoxdur, iddiaçıya heç bir ödəniş olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq izahatında və xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı heç bir əsaslandırma, dəlil və sübut göstərmədən pul tələb edir. Zərərçəkmiş şəxs kimi çağırıldığı vaxt polisə, prokurorluğa və məhkəməyə getmək onun borcu və vəzifəsidir, bu AR CPM-də təsbit edilmişdir. İddiaçı ictimai nəqliyyatda hansı çətinliklə üzləşdiyini, bu çətinliyin nədən ibarət olduğunu, çətinlik varsa, cavabdehlə nə kimi əlaqəsi olduğunu, bundan başqa gündəlik zəruri xərclərini niyə cavabdeh tərəfindən ödənilməli olduğunu, həmin xərclərin ondan çıxıb-çıxmaması barədə sübutlarını göstərməmişdir. Bundan əlavə hər hansı psixoloji gərginlik keçirməsinə dair, hər hansı halsızlıqla bağlı iş qabiliyyətinin azalması barədə nə həkim, nə də psixoloqun rəyi yoxdur. İş qabiliyyətinin azalması isə Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə təyin edilir ki, bu da məhkəməyə təqdim olunmamışdır. Gəlir itkisinə gəldikdə isə nə gəlir, nə də itkisi əsaslandırılmamışdır. İddiaçı rəsmi iş yerini təsdiq edən sənəd təqdim etməmişdir. Əgər rəsmi işləyirsə, istintaq və məhkəmənin çağırış vərəqəsi ilə işdən icazə alıb gedən şəxsin əməkhaqqından heç bir tutulması olmur. İddiaçının məişət çətinliklərinin isə ona heç bir aidiyyəti yoxdur. Mənəvi zərərlə bağlı iddiaçıda heç bir ağır travmadan söhbət gedə bilməz. Çünki qanuni qüvvəsini almış məhkəmə hökmünə və qərarına əsasən o iddiaçıya yüngül xəsarət yetirdiyinə görə CM-nin 128-ci maddəsi ilə məhkum olunmuşdur. Bu hökm məhkəmə-tibbi ekspertin rəyinə əsaslanmışdır. Ona görə də ağır travma absurddur. Travmaya sübut olmadığına görə ağır travma nəticəsində uzun müddət davam edən əzab-ağrı və sarsıntılar da qeyri-mövcud, uydurmadır. Hadisə zamanı və sonra iddiaçının qorxu keçirməsinə, alçaldılma hissi və psixoloji narahatçılıq keçirməsinə, göz və burun nahiyəsində hələ də davam edən mənəvi əzab və stresslə bağlı nə oftalmoloqun, nə də otorinolorinqoloqun, nə də psixoloqun rəyləri və ya digər sübutları təqdim etməmişdir. Beləliklə, maddi və mənəvi zərər üçün iddiaçının əlavə ərizəsində göstərdiyi hallar əsassızdır, şər-böhtandan ibarətdir. Əvvəllər məhkəmədəki işində ona vəkil ayrılmış, qardaşı 1000 manat borc pul taparaq iddiaçıya ödəməyi təklif etsə də, iddiaçı qəbul etməmişdir. İndi isə cavabdeh razı deyil və pul ödəmək iqtidarında deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2664 nömrəli ekspert rəyindən görünür ki, Abşeron RPŞ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayevin xx.xx.2024-cü il tarixli, 2061 saylı qərarı əsasında İddiaçı məhkəmə-tibbi ekspertiza müayinəsi keçirilmiş, İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol gözün üst göz qapağının qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı, boyun və bel nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmiş və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -“X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2136 saylı çıxarışından görünür ki, İddiaçı xx.xx.2024-cü ildə stasionara daxil olmuş, xəstəyə göz qapağı və gözyuvası nahiyənin açıq yarası diaqnozu qoyulmuşdur. -Abşeron Rayon Məhkəməsinin 1(012)-621/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” Yaşayış Kompleksi bina 9 mənzil 77 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-401/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-621/2025 nömrəli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, sözügedən hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və barəsində “həbs” qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 150506 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə daimi yaşayış yeri olan Zəngilan rayonunu tərk edərək Binəqədi rayonunda məskunlaşmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən təhqir edildiyini, daha sonra isə üz və baş nahiyyələrindən sərt yumruq zərbələri ilə aldığı xəsarətlər nəticəsində sol göz qapağı parçalandığını, burun nahiyəsinin əzildiyini, gözaltı və üz nahiyəsində şişkinliklər, göyərmələr, bel nahiyəsində əzilmələr, dərin sıyrıqlar yarandığını, bununla da ona maddi və mənəvi ziyan dəydiyini irəli sürərək 1000 manat məbləğində maddi və 6000 manat məbləğində mənəvi ziyanın əvəzini məhkəmə qaydasında tələb etmiş, cavabdeh isə iddia tələbini qəbul etməmiş, iddiaçının iddiasının əsassız olduğunu, tərəfindən heç bir sübut təqdim edilmədiyini bildirmişdir. Məhkəmə, ilk olaraq qeyd edir ki, iddiaçının sağlamlığına yüngül zərər vurulması Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-401/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, sağlamlığına yüngül zərərlə vurulma ilə bağlı iddiaçıya mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qeyd olunan plenum qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuş hallar, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-401/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və barəsində “həbs” qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs edilməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin təqsiri ucbatından mənəvi zərər vurulması ağlabatandır və məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2664 nömrəli ekspert rəyində iddiaçının müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlərin - sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol gözün üst göz qapağının qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı, boyun və bel nahiyələrinin sıyrıqlarının xx.xx.2024-cü il tarixdə insan bədəni hissələrinin (əl, baş və s.) təsirindən əmələ gələ bilməsinin mümkün olması və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olması öz təsdiqini tapmışdır. İddiaçının sağlamlığına yüngül zərər vurulması onda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Həmçinin məhkəmə cavabdehin də maddi vəziyyətini və işin faktiki hallarını, vurulmuş xəsarətin dərəcəsinin yüngül xəsarət olmasını nəzərə alaraq mənəvi ziyan olaraq cavabdehdən 1000 manat tutulması qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “vurulmuş maddi ziyana görə 1000 manat” hissəsində əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, “Tibbi sığorta haqqında” 28 oktyar 1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Həmin qanunun 15-4.1.2-ci maddəsinə əsasən bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək sığortaolunanın hüququdur. İddiaçı iddia ərizəsində və izahatında muayinələr və müalicələr üçün xərclər çəkdiyini bildirsə də, öz iddiasını həmin hissədə təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından, bununla da iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda yuxarıda sadalanan qanunvericilikdən aydın olur ki, bütün vətəndaşlar dövlət təminatı ilə icbari qaydada tibbi sığorta olunur. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi tutulmalıdır. 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad olduğundan ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət mədaxilinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar