Məhkəmə qərarları › İş №2(012)-3357/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3357/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3357/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı ABC X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ABC X3 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 25.03.2020-ci il tarixli müqaviləyə əsasən, Philips Tozsoran, Panasonic Ətçəkən, LG Paltaryuyan, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə üçün 2470.2 manat ödənilməmiş hissə, 716.8 manat dəbbə pulu olmaqla, ümumilikdə, 3187 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ABC X3 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh, ABC Telecom MMC ilə 25.03.2020ci il tarixli müqaviləyə əsasən, Philips Tozsoran, Panasonic Ətçəkən, LG Paltaryuyan, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə almış və nəticədə 3187 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2611.2 manat (12 ay x 217 manat 60 qəpik + 0 manat ilkin ödəniş) Philips Tozsoran, Panasonic Ətçəkən, LG Paltaryuyan, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə üçün ümumilikdə, 3187 manat olmaqla ondan, 2470.2 manat ödənilməmiş hissə, 716.8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 141 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2020-ci il tarixli, 20202748 saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 30.04.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək hər ay 217.6 manat ödəniş etməklə Philips Tozsoran, Panasonic Ətçəkən, LG Paltaryuyan, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə almışdır. -16.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC ilə 25.03.2020-ci il tarixli müqaviləyə əsasən, Philips Tozsoran, Panasonic Ətçəkən, LG Paltaryuyan, 2 ədəd Paltaryuyan maşının ilk işə salınması üçün vasitə almış və nəticədə 3187 manat borc yaranmış, alqı-satqı qiyməti 2611.2 manat (12 ay x 217 manat 60 qəpik + 0 manat ilkin ödəniş) olan əşyalar üçün ümumilikdə, 3187 manat olmaqla ondan, 2470.2 manat ödənilməmiş hissə, 716.8 manat (2.17 manat x 330 gün) dəbbə pulu hesablanmış, cəmi ödənilən məbləğ isə 141 manat təşkil edir. -ABC Telecom MMC tərəfindən Cavabdeh ünvanlanmış 16.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, alıcıya əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda ABC Telecom MMC-yə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumlarının Dövlət Reyestri haqqında məlumatların surətindən görünür ki, ABC Telecom MMC adlı qurum 11.10.2006-ci il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M Keçid-1, 73 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Məcəllənin: 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 25.03.2020-ci il tarixli, 20202748 saylı müqaviləyə əsasən müqavilə üzrə qiymətləri müəyyən edilmiş əşyaları almış və həmin əşyaların dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən kreditor qarşısında 2470.2 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Göstərilənlərə əsasən, məhkəmə bağlanmış 25.03.2020-ci il tarixli 20202748 nömrəli müqavilə üzrə 2470.2 manat ödənilməmiş əsas borca hesablanmış 716.8 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan 19.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 25.03.2020-ci il tarixli, 20202748 saylı müqavilə üzrə 2470.2 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla cəmi 2480.2 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. 25.03.2020-ci il tarixli, 20202748 saylı müqavilə üzrə 2470.2 (iki min dörd yüz yetmiş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla cəmi 2480.2 (iki min dörd yüz səksən manat iyirmi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar