Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3359/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.03.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 1.295 manat ödənilməmiş hissə, 392 manat dəbbə pulu, 08.06.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1.144 manat ödənilməmiş hissə, 359 manat dəbbə pulu, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 2.242 manat ödənilməmiş hissə, 688 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.120 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06.03.2019-cu il tarixli, 08.06.2019-cu il tarixli və 21.07.2019-cu il tarixli müqavilələrə əsasən Samsung LED televizor, LG markalı qabyuyan, Samsung markalı soyuducu, Samsung markalı paltaryuyan almış və nəticədə 6.120 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 06.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.071 manat olan Samsung LED televizor üçün 1.295 manat ödənilməmiş hissə, 392 manat dəbbə olmaqla, cəmi 1.687 manat borcu yaranmışdır. 08.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.463 manat olan LG markalı qabyuyan üçün 1.144 manat ödənilməmiş hissə, 359 manat dəbbə pulu pulu olmaqla, cəmi 1.503 manat borcu yaranmışdır. 21.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.430 manat olan Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 2.242 manat ödənilməmiş hissə, 688 manat dəbbə pulu olmaqla, cəmi 2.930 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.283 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 06.03.2019-cu il tarixli, 00545642 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung LED markalı televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.06.2019-cu il tarixli, 00710298 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG markalı qabyuyan qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 21.07.2019-cu il tarixli, 00796774 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung markalı soyuducu və Samsung markalı paltaryuyanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 06.03.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizoru üçün 1.295 manat ödənilməmiş hissə və 392 manat dəbbə olmaqla, ümumilikdə 1.687 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 08.06.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1.144 manat ödənilməmiş hissə və 359 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.503 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 21.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 2.242 manat ödənilməmiş hissə və 688 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.930 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 06.03.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 392 manat dəbbənin məbləği azaldılmalı, 39 manat müəyyən edilməli, 08.06.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 359 manat dəbbənin məbləği azaldılmalı, 35 manat müəyyən edilməli, 21.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 688 manat dəbbənin məbləği azaldılmalı, 68 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 06.03.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 1.295 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, 08.06.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1.144 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu və 21.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 2.242 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu olmaqla, ümumilikdə 4.823 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.03.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 1.295 manat ödənilməmiş hissə, 39 manat dəbbə pulu, 08.06.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı qabyuyan üçün 1.144 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu və 21.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu və Samsung markalı paltaryuyan üçün 2242 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu olmaqla, ümumilikdə 4.823 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3359/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3359/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver