Məhkəmə qərarları › İş №2(012)-3361/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3361/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3361/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1361 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 aprel 2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-də açılmış kartının balansını artırmaq üçün 1361 manat məbləğində pul ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, o, səhv bank hesabına, yəni X2 məxsus kart hesabına 1361 manat pul ödəmişdir. O, dərhal banka yaxınlaşaraq səhvən başqa şəxsin kartına pul köçürdüyünü bildirmiş, lakin “Qaynar xətt”dən ona bildirilmişdir ki, cavabdeh ilə əlaqə saxlanılacaqdır və cavabdehin pulu qaytarmağa razılıq verdiyi halda pulu qaytara bilərlər. Daha sonra bank tərəfindən ona cavabdehin pulun qaytarılmasına razılıq vermədiyi bildirilmişdir. Beləliklə, hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan onun hesabına 1361 manat məbləğində pul əldə edərək əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə təyin edilmiş məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, 218 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə kimi adına "xxxx" ASCdə heç bir debet kartı yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 06 avqust 2024-cü il tarixli, 2024/111/21504 nömrəli cavab məktubundan görünür ki, məktuba əlavə edilmiş qərarda təqdim edilən məlumatlara əsasən İddiaçı adına aşkar olunan fərqli təyinatlı iki plastik kart hesabından xx.xx.2024-cü il tarixdə Cavabdeh plastik kart hesabına edilən köçürmə əməliyyatı aşkar olunmamışdır. Məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh heç bir hüquqi əsas olmadan onun hesabına 1361 manat məbləğində pul əldə edərək əsassız varlandığını bildirsə də onun tərəfindən X2 məxsus kart hesabına 1361 manat pul köçürüldüyünə dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamış, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə tərəfindən həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli, 2(012)-3361/2024 saylı qərardad ilə İddiaçı məxsus kart hesabından Cavabdeh kart hesabına xx.xx.2024-cü il tarixdə pul köçürülüb-köçürülməməsi barədə rəsmi məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə sorğu verilmiş, iş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 06 avqust 2024-cü il tarixli, 2024/111/21504 nömrəli cavab məktubundan gördüyü kimi məktuba əlavə edilmiş qərarda təqdim edilən məlumatlara əsasən İddiaçı adına aşkar olunan fərqli təyinatlı iki plastik kart hesabından xx.xx.2024-cü il tarixdə Cavabdeh plastik kart hesabına edilən köçürmə əməliyyatı aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı X1 1361 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar