Məhkəmə qərarları › İş №2(012)-3374/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3374/2022

12.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3374/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Hazırki şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir. Uşaq məktəbdən kənar hazırlıqlara gedir, eyni zamanda təbii ki onun xərcləri əvvəlki miqdarda deyil. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. İndiki halda tək öz gəliri hesabına və 350 manat məbləğində alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, maddi imkanı zəifdir, aylıq gəliri 350-400 manat təşkil edir. 1 il bundan öncə təyin edilmiş alimenti çətinliklə ödəyir. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİİ 443602 və AZ-İİİ 443601 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan vergi ödəyicisi A.F.Nəcəfovanın 11 avqust 2022-ci il tarixli arayışından görünür ki, X5 “Birlik nitq və inkişaf Mərkəzi”də loqopedik və psixoloji seanslarda iştirak edir. Bu məqsədlə iyun ayı üçün 176, iyul ayı üçün 266 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS Məşğulluq haqqında 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən işsiz kimi Abşeron rayon Məşğulluq Mərkəzində qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Onların nikahı Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda İddiaçı bu məbləğin 386 manata qaldırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, cavabdeh heç bir yerdə işləmir, o, xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. Onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik baş verməmişdir. İddiaçı isə onun hər hansı gəlirlərinin olması və ya artması barədə məhkəməyə hər hansı legitim sübut təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, əvvəlki qət edilən cəmi 350 manat alimentin məbləğinin 386 manata qaldırılmasına heç bir hüquqi əsas yaranmamışdır. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, saxlanması üçün aliment tutulan uşaqların yaşı və tələbatı, onların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Abşeron Rayon Məhkəməsinin 2(012)- 1644/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar