Məhkəmə qərarları › İş №2(012)-3375/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3375/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3375/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əhmədova Cəmilə Ehtibar qızının katibliyi, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş 16000 manat maddi ziyanın və onu və ailə üzvlərini təhdid etdiyi üçün 34000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü il tarixdə 21400 manat pul vermiş, Cavabdeh maşının gömrük rüsumunu, dövlət nömrə nişanı və maşının sol qabaq və arxa qapısında olan zədənin və maşının bütün xərclərini ödəyib ona hazır maşın təhvil verəcəyini deyib. Amma Cavabdeh dediyinə əməl etməyib və 2016-cı il buraxılışı və çox zədələri olan deformasiyaya uğramış istifadəyə yararsız maşın gətirərək gömrük məntəqəsinə atıb. İddiaçı dəfələrlə Cavabdeh yaşadığı evə getsə də, cavabdehlə əlaqə qura bilməmiş, maşını öz hesabına 8200 manat ödəyib qeydiyyatdan keçirmişdir. Maşını ustaya apardıqda çox sayda zədələrin olduğu məlum olub. Həmin maşını normal vəziyyətə gətirmək üçün usta və ehtiyyat hissələrinə 8000 manatdan çox pul xərcləmiş, 21400 manatdan əlavə xərclədiyi pulu geri götürmək üçün cavabdehlə əlaqə qura bilməmişdir. Amma cavabdehin valideynləri həmin 16000 manat pulu hissə-hissə ödəyəcəyini deyib. Bir dəfə 500 manat pul ödəyib, sonra ödənişi saxlayıblar. Cavabdeh bir qrup kriminal aləmini dəstəkləyən şəxslərlə əlində silah “səni axtarıram və tapıb səni öldürəcəm” deyib. İddiaçını ölümlə hədələyib. O vaxt Azərbaycanda olmadığına görə həmin şəxslərlə birlikdə iddiaçının ailəsinin yaşayış yerini öyrənib və ailə üzvlərindən girov götürmək istəyiblər. Cavabdehin olduğu dəstədən adını bilmədiyi bir şəxs onunla telefonda danışıb 16000 manat pulun onda olduğunu və ailə üzvlərindən birinin gəlib götürməsi deyilib. Elvin silahlı olduğuna görə ailə üzvlərindən heç kim o pulu götürməyib. Göstərilənlərə görə iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, iddia tələbi tamamilə əsassızdır və iddiaçı heç bir maddi sübut təqdim etməmiş və iddiasında qeyd etdiklərini əsaslandıra bilməmişdir. İddiaçı cavabdehə sosial şəbəkədə təhqiredici sözlər yazmış və şəkillər paylaşmış, onun şəxsiyyətini təhqir etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfin izahatını, işin konkret hallarını, iddia tələbinin həm maddi ziyan, həm də mənəvi zərər hissəsi ilə bağlı iddiaçının hər hansı sübutunun olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar