Məhkəmə qərarları › İş №2(012)-3376/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3376/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3376/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin direktoru Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pul və ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 2545 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC nizamnaməsinə uyğun olaraq turizm fəaliyyəti ilə məşğuldur. Cavabdeh tez-tez İddiaçı MMC-nin fəaliyyətindən istifadə etmiş, daimi müştəri olduğuna görə iddiaçıdan nisyə şəkildə 2022-ci ilin dekabr ayında 1 bilet, 2023-cü ilin yanvar ayında isə 2 bilet almış, həmin biletlərin pulunu ödəyəcəyinə söz versə də, müxtəlif bəhanələr gətirərək biletlərin 2500 manat pulunu bu günədək ödəməmişdir. Cavabdeh pulu vaxtında ödəmədiyinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB- nə ərizə ilə müraciət edilmiş, cavabdeh həmin polis bölməsində izahat verərək İddiaçı MMCyə borcu olduğunu etiraf etmiş və ona 2025-ci ilin mart ayına qədər vaxt verilməsini xahiş etmişdir. Lakin verdiyi vaxtda vədinə əməl etməmiş, telefon zənglərinə cavab verməmiş, qaçıb gizlənmişdir. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsi tərəfindən xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunaraq mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehlə aralarındakı münasibət cavabdehin iddiaçının direktorunun bibisinin nəvəsi olması ilə əlaqədardır. Bu yaxınlıqdan və etimaddan istifadə edərək Türkiyəyə getmək üçün Nümayəndə nisyə şəkildə 2 ədədini öz, 1 ədədini isə tanışı olan Afaq adlı şəxsin adına olmaqla, ümumilikdə 3 ədəd bilet yazdıraraq ödəyəcəyini bildirməsinə baxmayaraq, indiyə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh üzərinə öhdəlik götürdüyü, lakin əməl etmədiyi üçün Nümayəndə tərəfindən məcbur qalınaraq polis şöbəsinə müraciət edilmiş və Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində cavabdeh 2500 manat borcunun olduğunu etiraf etmiş, 2025-ci ilin mart ayına kimi ödəniş edəcəyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya 1900 manata yaxın verməli olduğu borcu vardır. Tələbdə 600 manat artıq yazılmasına baxmayaraq, 2500 manat məbləği mülkiyyətində olan torpaq sahəsi satılan kimi onlara ödəməyə hazır olduğunu bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, hadisələr iddiaçının təsvir etdiyi kimi cərəyan etməmişdir. Şəxsi işləri üçün İstanbula getməli olduğundan 4 bilet almış, lakin 2nin saatı yanlış qeyd olunmuşdur. Həmçinin sözügedən biletləri iddiaçıdan deyil, İlkin adlı şəxsdən almışdır. O, biletləri İlkin adlı şəxsin səhvi ucbatından yanlış almışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. -Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış sübutlarla Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olduğu, həmçinin həmin şəxslər (Nümayəndə və Cavabdeh) arasında mülki münasibətlərdən irəli gələn narazılıqların olduğu müəyyən edilmiş, belə olan halda tərəflər arasındakı narazılıqlar mülki qanunvericilik əsasında tənzimləndiyi üçün müraciət müəllifi Nümayəndə Rafael qızına mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin xx.xx.2025-ci il tarixli qərarda Cavabdeh verdiyi izahatda “Nümayəndə Rafael qızı (iddiaçının direktoru) ilə ailəvi dostluğunun olduğunu, 2 ilə yaxındır ki, Əminədən bilet alıb, pulunu nağd şəkildə ödəniş etdiyini, 2023-cü il tarixdə Əminədən 2 bilet alaraq Türkiyəyə getdiyini, işlə bağlı problem olduğundan ödəniş edə bilmədiyini, Əminədən 4 dəfə bilet aldığını, hazırda Əminəyə 2 biletin yəni 2500 manat pulunu ödəniş etmədiyini, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsini satdıqdan sonra Əminəyə 2500 manat pul verəcəyini bildirmişdir” ifadəsi qeyd olunmuşdur. -xx.xx.2022-ci il tarixli elektron biletdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Bakı-İstanbul istiqamətində gediş-gəliş üçün 1100 manat dəyərində bilet verilmişdir. -xx.xx.2023-cü il tarixli elektron biletdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Bakı-İstanbul istiqamətində gediş-gəliş üçün 700 manat dəyərində bilet verilmişdir. -xx.xx.2023-cü il tarixli elektron biletdən görünür ki, İddiaçı MMC tərəfindən Afaq Cabbarovaya Bakı-İstanbul istiqamətində gediş-gəliş üçün 700 manat dəyərində bilet verilmişdir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, iddiaçı cavabdehin qohumluq münasibətlərindən yaranmış etimaddan istifadə edərək nisyə şəkildə biletlər aldığını, qaytaracağını bildirməsinə baxmayaraq, indiyə kimi həmin biletlərin məbləğini ödəmədiyini irəli sürərək ümumilikdə 2500 manat pulu məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə sözügedən biletləri iddiaçıdan deyil, İlkin adlı şəxsdən aldığını, öz səhvinə görə yox, İlkin adlı şəxsin səhvi ucbatından hazırda dolayı yolla iddiaçıya borclandığını bildirərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) İşin məhkəmə tərəfindən araşdırılan hallarından, həmçinin cavabdehin etirafından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə dəyəri 1100 manat olmaqla 1 ədəd, xx.xx.2023-cü il tarixdə isə hər birinin dəyəri 700 manat olmaqla 2 ədəd gediş-gəliş bileti verilmiş, lakin hazırki vaxta qədər həmin biletlərin müqabilində ödəniş etməyərək, 2500 manat (1100+700+700) məbləğində borclanmış, daha sonra ödəmək iqtidarında olmamışdır. Bu hal tərəflərin məhkəmə iclasında verdiyi izahatlarda və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarda öz əksini tapan ifadələrdə öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** qəbz əsasında ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar