Məhkəmə qərarları › İş №2(012)-338/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-338/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-338/2022 17.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.280 manat borc məbləğinin, 5.000 manat mənəvi zərərin, ümumilikdə 19.280 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qardaşlardır və Məmmədli kəndində onunla qonşudurlar. Cavabdehlərdən Cavabdeh1 adına Abşeron rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 1999-cu il tarixli, 03 saylı sərəncamı ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onun qonşuluğunda yerləşir. 2018-ci ildə cavabdehlər həmin torpaq sahəsindən 0,03 ha hissəsini satmaq qərarına gəlmiş və bu barədə İddiaçı bildirmişlər. Razılaşaraq 9.000 manata 0.10 ha torpaq sahəsindən 0.03 ha hissəsini iddiaçıya satmışlar. Torpaq sahəsinin reyestrdə qeydiyyatı olmadığından notarial qaydada alqı-satqı etmək mümkün olmamış və bu səbəbdən də etibarnamə ilə rəsmiləşdirməyə çalışmışlar. Cavabdeh1 onun adına Bakı şəhərində fəaliyyət göstərən notariat kontorunda 06 yanvar 2018-ci il tarixli, 7E-68 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə vermişdir. Həmin etibarnamə ilə ona mübahisəli 0.10 ha torpaq sahəsinin 0.03 ha hissəsi üzərində sərəncam vermək, torpaq sahəsindən təyinatı üzrə istifadə etmək, torpaq sahəsində tikinti işləri aparmaq və sair kimi səlahiyyətlər verilmişdir. Torpaq sahəsini satın alandan sonra iddiaçı daş hasarla torpaq sahəsinin 0.03 ha hissəsini bölmüş, torpaq daşıtdıraraq hamarlamış, su çəkdirmiş və müxtəlif meyvə ağacları əkmişdir. İddiaçı tərəfindən hasarın çəkilməsi üçün təxminən 2.800 manat, torpaq daşınması üçün 1.530 manat, su çəkilməsi üçün 600 manat, əkilən ağaclara isə 350 manat, ümumilikdə 5.280 manat xərc çəkilmişdir. Sonradan cavabdehlər həmin 0.03 ha torpaq sahəsini iddiaçıdan geri almış, iddiaçını ora buraxmamış və torpaq sahəsini başqa şəxsə satacağını bildirmişlər. Bundan sonra iddiaçı verdiyi pulu və çəkdiyi xərci geri tələb etsə də, cavabdehlər aldıqları pulu və çəkilmiş xərci geri vermirlər. Bu səbəbdən də iddiaçı şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Polisdə qısa araşdırma aparılsa da, cavabdehlərin əməlində cinayət tərkibi olmadığından və işin halları mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin göstərilən hərəkətləri məhkəmə qaydasında hüquqdan sui-istifadə və özbaşınalıq kimi qiymətləndirilməli, iddia ərizəsində göstərilən maddi zərərlə birlikdə dəymiş mənəvi zərər də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən cavabdehlər X10 və Cavabdeh2 müştərək qaydada 14.280 manat borc məbləğinin, 5.000 manat mənəvi zərərin, ümumilikdə 19.280 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı bacısı olan hazırki iş üzrə iddiaçının nümayəndəsi qismində çıxış edən X2 tanıyır. Belə ki, Qızxanım Nuriyeva onun qonşusudur. Qardaşı Cavabdeh2 ona Məhəmmədi kənd üzrə İcra Nümayəndəliyinin vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 03 sentyabr 1999-cu il tarixli, 03 nömrəli sərəncamı ilə verilmiş 0.10 ha torpaq sahəsinin 0.03 ha hissəsini iddiaçı Sərxan Nuriyevə 9.000 manata satdığını bildirmiş və 0.03 ha torpaq sahəsinə dair iddiaçının bacısı Qızxanım Nuriyevanın adına etibarnamə verməsini xahiş etmişdir. O da öz növbəsində Qızxanım Nuriyevanın adına 0.03 ha torpaq sahəsinə dair torpaq sahəsinin üzərində sərəncam verməyi, torpaq sahəsindən istifadə etməyi, tikinti işləri aparmağı, torpaq sahəsini özəlləşdirməyi və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Daha sonra qardaşı Nəriman iddiaçıya satığı torpaq sahəsinə görə aldığı puldan ona vermədiyinə və iddiaçı tərəflə aralarında yaranmış mübahisəyə görə o da öz növbəsində Qızxanım Nuriyevanın adına 0.03 ha torpaq sahəsinə dair verdiyi etibarnaməni ləğv etdirmişdir. Qardaşı Nəriman hazırda həbsdədir. Həmçinin qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi mütəxəssis rəyi ilə də razı deyildir. Belə ki, çəkilən xərc mütəxəssis rəyindən şişirdilmişdir. İddiaçı tərəfin torpaq sahəsində çəkdiyi xərc mütəxəssis rəyində göstəriləndən azdır. İddiaçı torpaq sahəsində yalnız bir tərəfli təqribən 25 metr uzunluğunda 11 daş hündürlüyündə daş hasar çəkmişdir. İddiaçı tərəfindən daş hasarın çəkilməsi halını təsdiq edir. Lakin iddiaçı orda ağac əkməmiş, torpaq sahəsinə su çəkdirməmiş və torpaq daşıtdıraraq torpaq sahəsini hamarlatdırmamışdır. Verilmiş suallara cavabında qeyd edir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də verdiyi izahat və izahatın altındakı imza ona məxsusdur. O, bölmədəki izahatını inkar etmir. İddiaçı torpaq sahəsindən çıxsa, o da həmin torpaq sahəsini satıb 9.000 manat pulu və çəkilmiş xərci iddiaçıya qaytaracaqdır. Torpaq sahəsinə dair onun adına mülkiyyət sənədi vardır. Lakin sözügedən 0.03 ha torpaq sahəsi iddiaçıya satılan zaman həmin torpaq sahəsinin üzərində həbs olduğuna görə torpaq sahəsini iddiaçı tərəfin adına sənədləşdirə bilməmişlər. Hazırda isə torpaq sahəsinin üzərində belə bir həbs yoxdur. Bu səbəbdən də torpaq sahəsini iddiaçı tərəfin adına sənədləşdirə bilər və torpaq sahəsini iddiaçının adına sənədləşdirməyə söz verir. Lakin sənədləşmə üçün çəkiləcək xərcləri iddiaçı ödəməlidir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, onun cəmi 2 (iki) övladı vardır. Hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. İddiaçının nümayəndəsi Qızxanım Nuriyeva isə qonşusudur. Qızxanım Nuriyeva ilə əvvələr yaxşı qonşuluq münasibətləri olmuşdur. Daha sonra isə hazırki məhkəmə mübahisəsi ilə əlaqədar münasibətləri pozulmuşdur. Verilmiş suallara cavabında qeyd edir ki, qeyd edilən 0.03 ha torpaq sahəsini satdıqda övladları onunla məsləhətləşməmiş və 2 (iki) qardaş gedib torpaq sahəsinə dair iddiaçı tərəfə etibarnamə vermişlər. İddiaçı tərəflə münasibətləri Qızxanım Nuriyevanın torpaq sahəsində suyu açıq qoyub getməsi və axan suyun onların həyətinə dolması səbəbindən aralarında yaranan mübahisə ilə əlaqədar pozulmuşdur. Sonralar isə oğlu Cavabdeh1 Qızxanım Nuriyevanın adına verdiyi etibarnaməni ləğv etdirmişdir, digər oğlu Cavabdeh2 isə hazırda həbsdədir. Digər Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Məhəmmədi kənd üzrə İcra Nümayəndəliyinin vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 03 sentyabr 1999-cu il tarixli, 03 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 02 iyul 1999-cu il tarixli, 155 №-li sərəncamı ilə Məhəmmədi kəndinə müəyyən edilmiş sahədə hər ailəyə 0,10 hektar hesabı ilə torpaq sahəsinin ayrılması, göstərilən torpaq sahəsinin növbəlik əsasında Cavabdeh1 verilməsi barədə sərəncam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli AR-İ 571462 nömrəli, reyestrdə 7E-68 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X3 Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən və faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin üzərində sərəncam verməyi, torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, təyinatını dəyişdirməyi, tikinti işləri aparmağı, ona ayrılmış torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, sənədləşmə işi ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, məhkəmə və icra, bələdiyyə orqanlarından müvafiq arayış, dublikat, qərar, sərəncam, torpaq sahəsinin planı və ölçüsünü almağı, banklardan və digər idarə, təşkilatlardan ona çatası pul məbləğlərini, kompensasiyaları almağı, aldığına dair imza etməyi, İşıq, Qaz, Su idarələrində, Telefon və Rabitə qovşaqlarında, o cümlədən "xxxx" ASC-də, “X7”-ndə, "xxxx" ASC-də, “X5”-ndə, poçtlarda təmsil etməyi, küçə, qaz, işıq, su və rabitə (telefon) xəttlərinin çəkilməsini, lahiyələndirilməsini, texniki şərtin alınmasını, bununla əlaqədar müqavilələr bağlanmasını, adından ərizələr verilməsini, lazımi sənədlərin imzalanmasını, qaz, su, işıq sayğaclarının və rabitə avadanlıqlarının quraşdırılmasını, rüsumların ödənilməsini, ona çatası müqavilələrin, qaz, su, işıq kartlarının, abonent (abunə) kodlarının, telefon nömrələrinin alınmasını, aldığına dair imza edilməsini, dəyişdirilməsini, onu notariat kontorunda, ASAN xidmət mərkəzlərində və digər orqanlarda təmsil etməyi, qeydiyyat orqanlarından lazımı arayışları almağı, notariat kontorunda bölgü sxemini imzalamağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təhvil verib ona çatası çıxarışı (və ya vahid çıxarışı) və texniki pasportu almağı, 300 kv.m torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşməsinə dair yüklülük arayışını almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bu işlə əlaqədar banklardan ona çatası pulu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilib və xx.xx.2068-ci ilədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə BİLƏR. Mülki işin materiallarında olan Cavabdeh2 tərəfindən Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi polis mayoru Ceyhun Qasımova ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, o, Abşeron rayonu, Məmmədli kəndində ailəsi ilə birlikdə yaşayır. X1 barəsində vermiş olduğu şikayət ilə tanış olmuşdur. Bu barədə onu deyə bilər ki, o, Qızxanım Nuriyevanı söyüb təhqir etməmişdir. 2018-ci ilin yanvar ayındakı torpaq alqısatqısı barədə onların aralarında mübahisə olmuşdur. O, 2018-ci ildə Qızxanımın qardaşı Sərxan adlı şəxsə ona məxsus olan Məmmədli kəndində yerləşən həyətindən 0.03 ha torpaq satmış, müqabilində 9.000 (doqquz min) manat almışdır. Lakin torpaq qardaşı Zahidin adına olduğuna və Sərxan Rusiya Federasiyasında yaşadığına görə qardaşı Zahid Sərxanın bacısı Qızxanıma notariatda torpaqdan istifadə edilməsi üçün etibarnamə vermişdir. Bir müddət torpağı onun adına keçirə bilmədiyi üçün aralarında mütəmadi olaraq sözlə mübahisə yaranmışdır. O və qardaşı onları söyməmiş, təhqir etməmişlər. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi polis mayoru Ceyhun Qasımova ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, o, Abşeron rayonu, Məmmədli kəndində ailəsi ilə birlikdə yaşayır. X1 barəsində vermiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Bu barədə onu deyə bilər ki, o və qardaşı Nəriman onları söyüb təhqir etməmiş, onun dedikləri şər və böhtandır. 2018ci ilin yanvar ayında qardaşı Nəriman Sərxan adlı şəxsə 0.03 ha torpaq sahəsini satması müqabilində 9.000 (doqquz min) manat pul almışdır. Lakin Məmmədli kəndində yerləşən torpağın qardaşı olmağına baxmayaraq, sənədləri onun adına olduğuna, torpağı alan Sərxan Rusiya Federasiyasında yaşadığına görə o, Sərxanın bacısı Qızxanım Nuriyevaya notariatda torpaqdan istifadə etmək üçün etibarnamə vermişdir. Bir müddət sonra satdığı torpağı Qızxanım adına keçirə bilmədiyi üçün aralarında mütəmadi olaraq sözlə mübahisə yaranmışdır. Bildirmək istəyir ki, qarşı tərəf mütəmadi olaraq onları narahat edir və söyüb təhqir edir. Mülki işin materiallarında olan Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi, polis kapitanı X9 rayonu, Məmmədli kəndində yaşayan X1 müraciətlərinin nəticəsi barədə xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan X4 xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək, qonşuları Nəriman və Zahid adlı qardaşlar tərəfindən özünün və ailəsinin nalayiq ifadələrlə təhqir olunması barədə məlumat vermişdir. İzahatı alınmış X4 bildirmişdir ki, 2018-ci ilin yanvar ayında qonşusu Zahid adlı şəxsdən 9.000 manat müqabilində torpaq sahəsi alsa da, bu günə kimi sənədini adına keçirməmişdir. Bu mövzuda dəfələrlə aralarında söhbət olsa da, Zahid hər dəfə müxtəlif bəhanələr gətirərək torpaq sahəsini onun adına keçirtməkdən boyun qaçırtmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə o, Nəriman və Zahid adlı qardaşlardan torpaq sahəsini onun adına keçirməsini istədiyi zaman sonuncular onunla mübahisə etməyə başlamış və baş vermiş mübahisə zamanı onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişlər. Buna görə də o, şikayət etmək qərarına gəlmişdir. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, onun barəsində şikayət edən X4 onun qonşusudur. 2018-ci il tarixdə Sərxan adlı şəxslə aralarında torpaq sahəsinin alqı-satqısı olmuşdur. Lakin Məmmədli kəndində yerləşən torpaq sahəsi onun adına olsa da, Sərxan Rusiya Federasiyasında yaşadığına görə o, sonuncunun bacısı Qızxanıma torpaq sahəsindən istifadə etməsi üçün etibarnamə vermişdir. Bir müddət sonra o, torpaq sahəsini sonuncunun adına keçirə bilmədiyi üçün aralarında mübahisə yaranmışdır. Lakin baş vermiş mübahisə zamanı o və qardaşı Qızxanım Nuriyevanı təhqir etmədiklərini, onlar barəsində həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirmişdir. İzahatı alınmış Cavabdeh2 da eyni məzmunlu izahat verərək bir daha qardaşı Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təkrar və təsdiq etmişdir. Araşdırma zamanı X1 müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Eyni zamanda X1 müraciətində göstərdikləri ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yuxarıda göstərilənlərin nəzərə alınaraq raport əsasında toplanmış materialın işə aİınmasına göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 yanvar 2022-ci il tarixli ƏEM/Y 54-054/22 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən mübahisəli 0,03 ha torpaq sahəsində İddiaçı tərəfindən aparıldığını bildirdiyi inşa edilmiş daş hasarın tikintisində faktiki görülmüş tikinti-quraşdırma işlərinin (tikinti materiallarının və görülmüş işlərin dəyəri göstərilməklə), həmin torpaq sahəsinə torpaq daşınaraq torpaq sahəsinin hamarlanması və su çəkilməsi işlərinin, həmin torpaq sahəsində əkilən ağacların respublikadaxili orta bazar qiyməti (hasarın tikintisində faktiki görülmüş tikinti-quraşdırma işləri - 1.622,03 manat, torpaq sahəsinə torpaq daşınaraq torpaq sahəsinin hamarlanması və su çəkilməsi işləri - 380 manat, torpaq sahəsində əkilən ağaclar - 84 manat olmaqla) 2.086,03 manat təşkil edir. Xidmət haqqı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tarif cədvəlinə müvafiq olaraq 250 manat təşkil edir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 qardaşı digər Cavabdeh1 Məhəmmədi kənd üzrə İcra Nümayəndəliyinin vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında 03 sentyabr 1999-cu il tarixli, 03 nömrəli sərəncamı ilə verilmiş Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsindən 0.03 ha hissəsinə görə onu satmaq adı altında İddiaçı 9.000 manat məbləğində pul almış, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinə dair İddiaçı bacısı X1 adına xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin üzərində sərəncam verməyi, torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı və digər səlahiyyətləri özündə əks etdirən 50 il müddətinə etibarnamə verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində tikinti işləri (daş hasarın inşa edilməsi), torpaq sahəsinə torpaq daşınaraq torpaq sahəsinin hamarlanması və su çəkilməsi işləri görülmüş, torpaq sahəsində ağaclar əkilmişdir və iş üzrə keçirilmiş ekspert rəyinə əsasən həmin torpaq sahəsində faktiki görülmüş tikinti-quraşdırma işlərinin, torpaq sahəsinə torpaq daşınaraq torpaq sahəsinin hamarlanması və su çəkilməsi işlərinin, həmin torpaq sahəsində əkilən ağacların qiyməti 2.086,03 manat təşkil edir. Daha sonra qeyd edilən torpaq sahəsi üzərində həbs olduğuna görə cavabdehlər torpaq sahəsini iddiaçının adına rəsmiləşdirə bilməmiş, tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı ödədiyi pulu və torpaq sahəsində çəkdiyi xərci cavabdehlərdən tələb etsə də, cavabdehlər bu günə kimi iddiaçıya ödənilmiş pulu və çəkilmiş xərci geri qaytarmamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsini sataraq torpaq sahəsinin alınmasına görə ödənilmiş pulu və torpaq sahəsində çəkilmiş xərci ödəyəcəyini və ya torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 5.000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, torpaq sahəsinə görə ödənilmiş 9.000 manat və torpaq sahəsində tikintiyə, torpaq sahəsinə torpaq daşınaraq torpaq sahəsinin hamarlanmasına və su çəkilməsi işlərinə, həmin torpaq sahəsində ağacların əkilməsinə sərf edilmiş 2.086,03 manat, cəmi 11.086,03 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Həmçinin mütəxəssis rəyi üzrə xidmət haqqı olaraq 250 manat cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.086,03 (on bir min səksən altı manat, üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Mütəxəssis rəyi üzrə xidmət haqqı olaraq 250 (iki yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar