Məhkəmə qərarları › İş №2(012)-3381/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3381/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3381/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı qızı və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, uşaqların hər biri üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 754/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010-cu il təvəllüdlü X1 anası İddiaçı (ananın) himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşaqların maddi ehtiyaclarını qarşılamır. O vaxtdan 5 il keçib və azyaşlı uşaqlar böyüdükcə onların tələbatları günü-gündən artır. İddiaçı övladları ilə birgə yaşayır və onların ehtiyaclarını təkbaşına ödəyir. Cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Belə ki, alimenti belə vaxtı-vaxtında ödəmir. Cavabdeh mağaza sahibidir və yaxşı gəliri var. Bu səbəbdən də iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində İddiaçı qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində Cavabdeh oğlu iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında qeyd etdi ki, sonuncu dəfə 210 manat aliment ödəmişdir. Hər uşağa görə 100 manat aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Salyan Rayon Məhkəməsinin 2(057)-754/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 10.11.2006-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində bağlanmış 468 saylı nikahın pozulması, birgə nikahdan doğulan 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010cu il təvəllüdlü X1 İddiaçı (ananın) himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini, habelə cavabdehin maddi vəziyyətinin daha da yaxşılaşması barədə hər hansı sübutun olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-754/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi ilə 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün təyin edilmiş 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh oğlundan tutularaq İddiaçı qızına verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-754/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi ilə 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün təyin edilmiş 90 manat, cəmi 180 manat alimentin məbləği artırılsın. Cavabdeh 24.12.2007-ci il təvəllüdlü X3 və 03.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh oğlundan 20 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar