Məhkəmə qərarları › İş №2(012)-339/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-339/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-339/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi İsmayılova Gülnar Əlvan qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Elbəyli oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X3 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə 19 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 Elbəyli oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X3 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 01R000014452 saylı kredit razılaşması üzrə 6721 ABŞ dolları kredit borcu, 6434.27 ABŞ dolları faiz borcu və 8915.19 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22070.46 ABŞ dolları məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Elbəyli oğluna İddiaçı QSC ilə bağladığı 05.09.2008-ci il tarixli,01L000001342 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 Elbəyli oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Elbəyli oğlu İddiaçı QSC ilə bağladığı 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.02.2016-cı il tarixli 01R000014452S saylı, 10.03.2017-ci il tarixli 01R000014452SA saylı, 25.12.2017-ci il tarixli 01R000014452SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq 07.08.2018-ci il tarixdən ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 Elbəyli oğlu 18279 ABŞ dolları ödəmiş, onun 6721 ABŞ dolları məbləğində borcu qalmışdır. Ümumilikdə borcu isə 6721 ABŞ dolları kredit borcu, 6434.27 ABŞ dolları faiz borcu və 8915.19 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22070.46 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Elbəyli oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X5 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Zaminlər kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 Elbəyli oğlu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə prosesində iştirak edən İddiaçı QSC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 Elbəyli oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X5 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 05.09.2008-ci il tarixli,01L000001342 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 Elbəyli oğluna 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşmasından müəyyən edilir ki, Cavabdeh2 Elbəyli oğlu İddiaçı QSC-dən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 24.02.2016-cı il tarixli 01R000014452S saylı, 10.03.2017-ci il tarixli 01R000014452SA saylı və 25.12.2017-ci il tarixli 01R000014452SB saylı sazişlərdən müəyyən edilir ki, 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir, kredit ödənişinin son müddəti 07 avqust 2018-ci il tarix müəyyən edilmişdir. Mülki işin materiallarında olan 01S000002804 №-li, 01S000001341 №-li, 01S000008405 №-li, 01S000002803 №-li və 01S000002802 №-li zaminlik müqavilələrindən müəyyən edilir ki, kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Elbəyli oğlu, Cavabdeh5 və X1 Samir Elbəyli oğluna zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Mülki işin materiallarında olan 18.05.2021-ci il tarixli, 11706 №-li maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 Elbəyli oğlunun İddiaçı QSC-yə 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşması üzrə olan borcu 6721 ABŞ dolları kredit borcu, müqavilənin müddətinin bitmə tarixi 07.08.2018-ci il tarixinə 3359.19 ABŞ dolları faiz borcu və 1754.02 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 11834.21 dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 8915.19 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 335 ABŞ dolları olaraq müəyyən edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi istər 05.09.2008-ci il tarixli,01L000001342 saylı 120 ay müddətinə kredit xətti müqaviləsinin istərsə də 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşmasının son müddəti 2018-ci ilin müvafiq ayında bitdiyindən iddiaçı isə hazırkı iddia ilə məhkəməyə 20.07.2020-ci il tarixdə müraciət etdiyindən zaminləərə münasibətdə qanundan nəzərdə tutulan bir illik müddəti ötürməklə onlara qarşı iddia qaldırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh zaminlərə münasibətdə əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Elbəyli oğlundan 6721 ABŞ dolları kredit borcu, 3359.19 ABŞ dolları faiz borcu və 335 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10 415,19 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla alınaraq İddiaçı QSC-yə verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 29.08.2014-cü il tarixli 01R000014452 saylı kredit razılaşması üzrə Cavabdeh2 Elbəyli oğlundan 6721 ABŞ dolları kredit borcu, 3359.19 ABŞ dolları faiz borcu və 335 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10 415,19 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar