Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3416/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun və maddi ziyanın əvəzinin qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və maddi ziyanın əvəzinin qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə əsas borca görə 22000 manat, vurduğu ziyana görə 3300 manat, ödənilmiş dövlət rüsumuna görə 170 manat olmaqla, ümumilikdə 25470 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xalası X2 vasitəsilə tanımışdır. Cavabdeh restoran açaraq şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün ondan pul istəmiş, bununla əlaqədar ona 22000 manat məbləğində pul vermişdir. Cavabdeh bundan əvvəl də ondan ümumilikdə 22000 manat məbləğində pul almışdır. Lakin həmin pulu qaytarmasına baxmayaraq, sonradan şəriklik adı ilə aldığı 22000 manat məbləğində pulu geri qaytarmamışdır. Ondan həmin pul vəsaitini hansı restorana qoyduğunu və nə qədər gəlir əldə etdiyini soruşduqda, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hər dəfə ondan pulu geri tələb etdikdə, onu aldadaraq yaxın vaxtlarda pulunu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq borcu geri qaytarmamışdır. Ona görə məcbur olub şikayət ərizəsi ilə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-yə müraciət etmişdir. Həmin polis şöbəsində aparılan araşdırma zamanı Paşanın doğma xalası Aidə Zeynalova da şahid kimi polis şöbəsinə dəvət edilmiş və o da öz izahatında həqiqətən Cavabdeh ona hal-hazırda 22000 manat məbləğində borcu olduğunu təsdiq etmişdir. Lakin Cavabdeh ondan pul aldığını etiraf etsə də, həmin borcu qaytardığını bildirmişdir. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan bu günə kimi ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən pul vəsaiti vaxtında qaytarılmadığı üçün xeyli miqdarda maddi ziyan da çəkmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, hazırki vaxtadək ümumilikdə cavabdehə 42000 manat borc vermiş, bundan 20000 manat pul qaytarılsa da, 22000 manat borc qalmışdır. Verilən borc faizə deyil, şərikli biznes fəaliyyəti məqsədilə verilib. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O əlavə etdi ki, iddiaçıdan cəmi 10000 manat faizə borc götürmüş, bunun müqabilində ona 20000 manat pul qaytarmışdır. Hazırda ona heç bir borcu yoxdur. Lakin iddiaçı hesab edir ki, onun hələ də faiz borcu qalıb. Bu isə əsassızdır. Cavabdehin vəkili-nümayəndəsi Vəkil da onunla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 07 mart 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 22000 manat pul məbləğinin qaytarılması ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işin materiallarından olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 29 avqust 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 22000 manat pul məbləğinin qaytarılması ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Prokurorunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında 18 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 29 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı 22000 manat pul məbləğinin qaytarılması ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material əlavə araşdırılma aparılması üçün həmin Şöbəyə qaytarılmışdır. Mülki işin materiallarından olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı 22000 manat pul məbləğinin qaytarılması ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Prokurorunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında 10 fevral 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 12 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı 22000 manat pul məbləğinin qaytarılması ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material əlavə araşdırılma aparılması üçün həmin Şöbəyə qaytarılmışdır. İşdə olan Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, İddiaçı 10 ilə yaxın müddətdə tanıdığını, müxtəlif vaxtlarda ondan sələmə (faiz tətbiq edilməklə) borc aldığını, təxminən 20000 manat faiz olaraq ona pul ödədiyini, lakin onun buna qane olmayaraq əlavə 22000 manat pulu da tələb etdiyini, İddiaçı iş qurmaq üçün pul almadığını bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X1 bildirdi ki, cavabdehin xalası oğludur. Borc verilərkən o, tərəflərin yanında olmamışdır, lakin borcun faizlə verildiyini bilir. Təsdiq edir ki, hazırda cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid kimi ifadə verən X2 bildirdi ki, cavabdehin xalasıdır. İddiaçı isə onun rəfiqəsidir. Bacısı oğluna pul lazım olduğunu bilmiş və bu məqsədlə onu iddiaçı ilə tanış etmişdir. Lakin borc verilərkən o, tərəflərin yanında olmamışdır. Nə qədər borc verildiyini və nə qədər pul qaytarıldığını bilmir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında vaxtilə borc münasibətləri olmuşdur. Bu münasibətlər yazılı deyil, şifahi borc müqavilələri vasitəsilə yaranmışdır. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı iddia edir ki, ümumilikdə cavabdehə indiyədək 42000 manat pul vermiş, bunun 20000 manatı qaytarılsa da, 22000 manat borc hələ də qaytarılmamışdır. Cavabdeh isə bildirir ki, iddiaçıdan cəmi 10000 manat borc almış, borc faiz tətbiq edilməklə verilmiş, o, borca görə 20000 manat pul qaytarmışdır və hazırda İddiaçı heç bir borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, mübahisə predmetini 22000 manat borc təşkil etsə də, tərəflər arasında bu məbləğdə borcla bağlı hər hansı yazılı müqavilə bağlanmamışdır. Tərəflərin izahatlarının qarşılıqlı şəkildə müqayisəsi ilə müəyyən edilir ki, alınmış borcdan 20000 manat qaytarılmışdır. Bu faktı hər iki tərəf təsdiq edir. Bununla belə, iddiaçı cavabdehin yenə də 22000 manat borcunun olmasını iddia etsə də, bu barədə mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşdəki sübutlar iddianın bu və ya digər qaydada təmin edilməsi üçün yetərli deyildir. Borc münasibətlərində şahid ifadələri deyil, yazılı sübutlar (qəbz, iltizam, etiraf və s.) daha mötəbər sübut növü sayılır. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, şəriklik məqsədilə 22000 manat borcun alınması və sonradan qaytarılması barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh 22000 manat borcla bağlı İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə onlar arasında hər hansı əqd bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında 22000 manat borcla bağlı öhdəlik yaranmadığından, eləcə də cavabdeh iddiaçının pulu hesabına əsassız varlanmadığından və öz hərəkətləri ilə iddiaçıya zərər vurmadığından İddiaçı Cavabdeh qarşı borcun və maddi ziyanın əvəzinin qaytarılması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından görünür ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, iddiasıyla bağlı məhkəməyə əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və maddi ziyanın əvəzinin qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3416/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3416/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver