Məhkəmə qərarları › İş №2(012)-3429/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3429/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3429/2024 13.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə uşaqları - 08 dekabr 2006-cı il təvəllüdlü X3 və 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment tutulması və mediatora ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 23 noyabr 2005-ci il tarixində Zərdab rayonu, Dəliquşçu kəndi üzrə İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Tərəflərin həmin nikahdan iki övladı - 08 dekabr 2006-cı il təvəllüdlü X11 və 06 iyun 2012-ci il təvəllüdlü X12 vardır. Daha sonra İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən uşaqların iddiaçının yanında saxlanması və Cavabdeh iddiaçının xeyrinə birgə nikahdan olan 08 dekabr 2006-cı il təvəllüdlü X11 və 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment tutulması qət edilmişdir. Tərəflər arasında bağlanmış nikahın pozulması Abşeron rayon Qeydiyyat Şöbəsində 08 avqust 2023-cü il tarixdə qeydə alınmış və bu barədə AZ-İ № 460204 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Uşaqlar iddiaçının himayəsində yaşayırlar. Hazırda ölkəmizdə aliment məbləği artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş və 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırda dolanışıq şərtləri ağırlaşmışdır, uşaqlar böyüyür və tələbatları artır, ona görə də Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği ölkəmizdə müəyyən edilmiş yaşayış münimumu həddində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə bir uşaq üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğ uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmiş olardı. İddiaçı mediasiya şurasına müraciət etsə də Cavabdeh üzrsüz səbəblərdən mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, onun iş yeri yoxdur, habelə şəkər xəstəliyindən əziyyət çəkir, ürəyinə fəaliyyətində problem olduğu üçün stend quraşdırılmışdır, həmçinin o, insult keçirmişdir. İddiaçı ona qızı - 08 dekabr 2006-cı il təvəllüdlü X5 göstərmir. O, oğlu - 06 iyun 2012-ci il təvəllüdlü X12 ilə ancaq oğlu məşqə gedəndə gizli şəkildə görüşür. Bundan əlavə onun ödəməli olduğu 600 manat məbləğində borcu vardır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərdab rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 147824 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08 dekabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası Həsənova (Bilalova) Aynur Ağa qızıdır. İş materiallarında olan Zərdab rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 147823 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 iyun 2012-ci ildə Zərdab rayonu, Dəliquşçu kəndində anadan olmuşdur, atası Cavabdeh, anası Həsənova (Bilalova) Aynur Ağa qızıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3384/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X13 və Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə Zərdab RİHB-nin Dəliquşçu kənd üzrə İcra Nümayəndəliyində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 0009 nömrə ilə qeydə alınmış nikahın pozulması, 08 dekabr 2006-cı il təvəllüdlü X11 və 06 iyun 2012-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları X6 yanında qalması, 06 iyun 2012-ci il təvəllüdlü X4 Cavabdeh alınıb X9 verilməsi, Cavabdeh X6 xeyrinə 08 dekabr 2006-cı il təvəllüdlü X11 və 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 08 dekabr 2006-cı il təvəllüdlü X7 münasibətdə xx.xx.2021-ci il tarixdən, 06 iyun 2012-ci il təvəllüdlü X8 münasibətdə həmin uşaq Cavabdeh alınıb X9 verilən gündən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 412 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bilalova” soyadı verilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş hər bir uşaq üçün 200 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bundan əlavə məhkəmə iddia tələbinin mediatora ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3384/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 08 dekabr 2006-cı il təvəllüdlü X3 və 06 iyun 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. İddia tələbi mediatora ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar