Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3448/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 1600 (min altı yüz) manat məbləğində pulun alınaraq ona verilməsi, mənəvi zərərə görə 500 (beş yüz) manat vəsaitin tutulması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdeh X5 əvvəllər tanımış və bununla bağlı ondan ümumi dəyəri 2200 manat olan tikiş maşınları və ütü nisyə şəkildə götürərək, qısa müddət ərzində pulunu ödəyəcəyinə söz vermişdir. Belə ki, xx xxxxx 2017-ci il tarixdə cavabdeh iltizam yazaraq imza etmişdir və ilk üç ayı 300 manat, sonrakı aylar isə 500 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh xeyli müddət keçməsinə baxmayaraq ona olan borcunu ödəməmişdir, şifahi razılaşmanın şərtlərini pozaraq şərtləşdirilmiş vaxtda borcu qaytarmamış, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və öhdəlikdən yayınmağa başlamışdır. Cavabdeh ona olan borcunun 600 manatını ödədikdən sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Dəfələrlə götürdüyü borcu qaytarmasını tələb etsə də qaytarmaqdan imtina etmişdir. Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir, müqavilənin şərtlərini yerinə yetirməkdə maraqlı olmamışdır. Cavabdehin pulu qaytarmaması nəticəsində o, həmin puldan istifadə edə bilməmişdir və cavabdehin əməli nəticəsində o mənəvi zərərə də məruz qalmışdır. Belə ki, uzun müddət pulun qaytarılmaması səbəbindən həmin pul vəsaitindən istifadə edə bilməməyi, cavabdehin onu aldatması, sonda pulu qaytarmaması səbəbindən dərələrlə stress keçirmiş, sağlamlığı pozulmuş və psixi vəziyyətinə ciddi şəkildə təsir etmişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh X6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsminə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -ASAN-Sumqayıt tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, mənzil 22 ünvanında yaşayır. -Cavabdeh X6 tərəfindən xx.xx.2017-ci il tarixdə yazılmış iltizamdan görünür ki, o, İddiaçı ümumi dəyəri 2200 manat olan 2 ədəd İaki düz tikiş maşını, 1 ədəd İaki 4 saplı averlok maşını, 1 ədəd 2l-lik siltik buxarlı ütünü ilk 3 ayı 300 manat, sonrakı 500 manat ödəmək şərti ilə borc(kredit) yolu ilə satın almışdır. -Sumqayıt şəhər Pİ 3-cü Polis Bölməsindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun Sumqayıt şəhər Pİ 3-cü Polis Bölməsinə ünvanlandığı müraciətinə baxılmışdır, qaldırdığı məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının izahatına əsasən cavabdeh X6 ondan ümumi dəyəri 2200 manat olan tikiş maşınları və ütü nisyə şəkildə götürərək, qısa müddət ərzində pulunu ödəyəcəyinə söz vermişdir. xx xxxxx 2017-ci il tarixdə cavabdeh iltizam yazaraq imza etmiş və iltizamda aldığı avadanlıqlara görə ilk üç ayı 300 manat, sonrakı aylar isə 500 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh xeyli müddət keçməsinə baxmayaraq iddiaçıya olan borcunu ödəməmişdir. Bundan başqa, cavabdehin qərəzli hərəkəti ilə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bunların nəticəsində onlara 500 manat mənəvi zərər də dəymişdir. Ona görə də 1600 manat maddi və 500 manat mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) cavabdeh X6 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər vurmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh X3 imzası ilə yazılmış iltizamdan görünür ki, cavabdeh iddiaçıdan həqiqətən də dəyəri 2200 manat olan 2 ədəd İaki düz tikiş maşını, 1 ədəd İaki 4 saplı averlok maşını, 1 ədəd 2l-lik siltik buxarlı ütü götürmüşdür. Cavabdeh sonradan həmin məbləğin 600 manatını iddiaçıya ödəmiş 1600 manatını isə hazırkı vaxta kimi ödəməmişdir. İddia ərizəsində göstərilən maddi ziyan tələbi, iddiaçının izahatı və iş materialına əlavə edilmiş cavabdehin imzası ilə təsdiq edilən qəbzlə sübut olunur. MPM-nin 9.1. maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Qanunun tələbləri baxımından Məhkəmə cavabdeh tərəfi qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırsa da cavabdeh məhkəmə iclasına gəlməmiş və özünün müdafiə hüquqlarından istifadə etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsi və qanunla nəzərdə tutulmuş müdafiə hüquqlarından istifadə etməməsi onun iddia tələbi ilə razılaşmasının göstəricisidir. Eyni zamanda iddia tələbindən görünür ki, cavabdehdən 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın ödənilməsi tələb olunur. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdeh X2 İddiaçı xeyrinə 1600 (min altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 İddiaçı xeyrinə 1600 (min altı yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3448/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3448/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver