Məhkəmə qərarları › İş №2(012)-3453/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3453/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3453/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Finca Azerbaijan X3-Bank Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Finca Azerbaijan X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Finca Azerbaijan X3-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Finca Azerbaijan MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0799 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4146 manat əsas, 83.61 manat faiz olmaqla cəmi 4229.61 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Finca Azerbaijan MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Finca Azerbaijan X3-Bank Kredit Təşkilatının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0799 saylı güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4146 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3.46 manat, dörd il müddətində isə hər ay 88.18 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kreditalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kreditverənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 09.04.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 4146.00 manat, faiz borcuna görə 83.61 manat, cərimə borcuna görə 00,00 manat olmaqla, cəmi 4229.61 manat borcu vardır. Kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kreditverən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kreditalan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kreditverən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kreditalana təqdim edilməməsi kreditverənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Finca Azerbaijan MM QBKT ilə kreditalan Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0799 saylı kredit müqaviləsindan görünür ki, kredit verən kredit alana 5 il müddətinə illik 1 faiz güzəşt müddəti müəyyən edilməklə 4146 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 25.07.2019-cu il tarixdən başlayaraq, 25.06.2024-cü il tarixinə kimi hər ay banka 88.18 manat (sonuncu ay isə 87.98 manat) ödəməklə qaytarmalıdır. -Kreditor Finca Azerbaijan MM QBKT ilə zamin Cavabdeh3 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Finca Azerbaijan MM QBKT ilə zamin Cavabdeh2 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Finca Azerbaijan MM QBKT-yə 4146 manat əsas, 83.61 manat faiz olmaqla cəmi 4229.61 manat borcu vardır. -Finca Azerbaijan MM QBKT-nin 25.10.2021-ci il tarixli 2021/999/13359 saylı arayışından görünür ki, həqiqətən də icraatda olan borclu Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə Cavabdeh1 ilə bağlanmış 24.06.2019-cu il tarixli, № **********0799 saylı kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq restrukturizasiya olunmuş, həmin müqavilənin 1.1-ci və 1.8-ci bəndlərinin məzmunundan da aydın olduğu kimi borcluya yeni kredit məbləği təqdim edilməmiş, həyata keçirilən ödənişlər onun mövcud olan kredit borcunun bağlanmasına yönəldildiyindən kassa məxaric orderi təqdim edilməmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 15.11.2006-cı il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu Güzdək qəsəbəsi Sovxoz evi ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh3 Abşeron rayonu Güzdək qəsəbəsi Sovxoz evi ünvanında qeydiyyatdadır Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı BOKT-dan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı BOKT qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar Məsuliyyətli nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 BOKT qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Finca Azerbaijan MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2019-cu il tarixli, **********0799 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4146 manat əsas, 83.61 manat faiz olmaqla cəmi 4229.61 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı Finca Azerbaijan MM QBKT-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24.06.2019cu il tarixli, **********0799 saylı kredit müqaviləsi üzrə 4146 (dörd min yüz qırx altı) manat əsas, 83.61 (səksən üç manat altmış bir qəpik) manat faiz olmaqla cəmi 4229.61 (dörd min iki yüz iyirmi doqquz manat altmış bir qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı Finca Azerbaijan X3-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar