Məhkəmə qərarları › İş №2(012)-3454/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3454/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3454/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3300 manat borc və 53 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə 3300 manat borc vermişdir. Cavabdeh iddiaçıya övladının problemləri ilə bağlı məsələləri həll etmək üçün pul lazım olduğunu bildirmişdir. İddiaçı cavabdeh ilə razılaşaraq sözügedən məbləği cavabdehə vermiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh pulunun ödənilməsindən imtina etmişdir. İddiaçı bu barədə Bakı şəhəri Səbail rayon Polis idarəsinə müraciət etmiş, Polis idarəsinin 8-ci polis bölməsində araşdırma aparılmış, araşdırma zamanı cavabdeh izahatında borc pul aldığını etiraf etmişdir. Nəticədə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Cavabdeh uzun illərdir ki, tanımaqla yaxın yoldaşlıq münasibətləri vardır. xx.xx.2021ci il tarixdə axşam saat təxminən, 10 və ya 11-in yarısı radələrində cavabdeh onun evinə gələrək oğlunun qəza keçirdiyini ağlayaraq bildirmiş, evini satışa qoyduğunu, pula ehtiyacı olduğunu və pulu bir aya qaytaracağını bildirmişdir. O, pulu cavabdehə təqdim etmiş və hətta iki ay möhlət vermişdir. Cavabdehin pulu faizlə almasına dair dedikləri həqiqətə uyğun deyildir. O, cavabdehə inandığından borc pulu şifahi şəkildə vermiş və bu barədə hər hansı bir sənədə imza etdirməmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında onun İddiaçı olan 3300 manat borc aldığını etiraf etmiş və əlavə olaraq, izahatında sözügedən məbləği 15 faiz olmaqla faizə aldığını və bu barədə telefonda sms yazışmaların olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, cavabdehin etiraf izahatını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı şikayəti mülki xarakterli və mülki baxış predmeti olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı-Nəsimi RPİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu A.D.Qurbanov küçəsi 75 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 3300 manat borc vermişdir. Cavabdeh tərəfindən borc olaraq alınmış pul vəsaiti tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müddətdə qaytarılmadığından, iddiaçı 3300 manat borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı yuxarıda qeyd edilən məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 3300 manat borcunun qalmasına dair cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 3300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən məhkəmə xərclərinə aid olan 53 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində 53 manat dövlət rüsumunun tutulmasını xahiş etdiyindən və məhkəmə iddia tələbinə irəli sürülmüş tələblər həcmində baxdığından 53 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat borc və 53 (əlli üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 3353 (üç min üç yüz əlli üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar