Məhkəmə qərarları › İş №2(012)-3455/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3455/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3455/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilmiş 4500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixdə onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə 43 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh borc götürdüyü 4500 (dörd min beş yüz) manatı xx.xx.2018-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, xeyli müddət keçməsinə və onun Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncu aldığı pulu qaytarmaqdan imtina edir. Hazırda həmin pula ehtiyacı olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilmiş 4500 manat məbləğində pulun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunan prosessual hüquq normasına əsaslanaraq və proses iştirakçılarının izahatlarını nəzərə alaraq məhkəmə, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “Borc alan” Cavabdeh ilə “Borc verən” İddiaçı arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər öz üzərilərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1 və 2-ci bəndlərindən görünür ki, “Borc verən” “Borc alan”a 4500 manat məbləğində pulu xx xxxxxxxx 2018-ci il tarixədək geri qaytarmasını öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh 4612 manat məbləğində pulun tutulmasına dair icra qeydi aparılmışdır. İşdə olan Abşeron rayon 2 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli, 189 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, 8İ-148 reyestrdə qeyd olunmaqla Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğə dair rəsmiləşdirilmiş icra qeydi İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçıdan tələb olunan 4500 manat məbləğində borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan xx xxxxxxxx 2018-ci il tarixədək geri qaytarmaq şərti ilə 4500 manat borc pul almış, həmin məbləği geri qaytarmayaraq öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh verdiyi 4500 manat məbləğində pul vəsaitinin ona qaytarılması tələbində haqlıdır. X4 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar