Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3472/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 2153,28 ABŞ dolları məbləğində pulun Maraqlı şəxs ASC-nin xeyrinə tutulmasına dair Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-4035 saylı 05 avqust 2021-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-nin xeyrinə 2153,28 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı 05 avqust 2021-ci il tarixdə icra qeydi aparılmışdır. İcra qeydi reyestrdə 8İ-4035 nömrə ilə qeyd edilmişdir. Bank haqsız olaraq notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs ASC ilə X1 arasında 15 iyul 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank tərəfindən A.Şükürova 24 ay müddətində illik 28 faizlə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla onun arasında həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, bankla A.Şükürov arasında kredit müqaviləsi 15 iyul 2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış, yəni kredit müqaviləsinin müddəti 15 iyul 2016-cı ildə bitmişdir. Bu məsələni araşdırmaq notariat ofisinin səlahiyyətləri çərçivəsində olmaya bilər, lakin aşkar mübahisəli məsələ olduğundan notarius icra qeydi verməkdən imtina etməli idi. İcra qeydində “müddət üçün vaxtında ödənilməmiş borc” kimi ondan pulun tutulması göstərilmişdir. Qanunvericiliyin tələblərinə görə isə bank ona qarşı tələb irəli sürərkən əsas və faiz borcunu ayrı-ayrılıqda göstərməli idi. Ən əsası isə o, müqavilə üzrə zamin olduğu halda, icra qeydində pulun birbaşa ondan tutulması göstərilmişdir. Bank tərəfindən onun qeydiyyatda olduğu ünvan üzrə heç bir bildiriş göndərilməmişdir. Qanunvericiliyə görə, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz etdi və onun əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş üzrə cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, onun nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-4035 saylı xx.xx.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə 2153,28 ABŞ dolları pul tutulmalıdır. İşdə olan xx.xx.2014-cü il tarixli, CC/04608/43/23 saylı kredit sazişindən görünür ki, X1 Maraqlı şəxs ASC-dən kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 28% ödəmək şərtilə 2540 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə İddiaçı zamin durmuşdur. İşdə olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli, CC/04608/43/23 saylı kredit sazişi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. xx.xx.2019-cu il tarixdə borc məbləğinin bir hissəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən kompensasiya edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2170/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, onun Maraqlı şəxs ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi barədə iddia tələbinin rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli, CC/04608/43/23 saylı kredit sazişinə əsasən X1 Maraqlı şəxs ASC-dən 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 2540 ABŞ dolları kredit götürmüş, kredit müqaviləsi üzrə onun öhdəliklərinə İddiaçı zamin durmuşdur. Borc vaxtında ödənilmədiyinə görə bank ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən 8İ-4035 saylı xx.xx.2020-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydinə görə İddiaçı Maraqlı şəxs ASC-nin xeyrinə 2153,28 ABŞ dolları pul tutulmalıdır. Bundan sonra İddiaçı zaminlik öhdəliyi barədə müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun bu barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində İddiaçı icra qeydinin ləğv edilməsinə əsas kimi 2 dəlil irəli sürmüşdür: 1) icra qeydi verilərkən bankın kredit məbləğini ondan tələbetmə müddəti ötürülmüşdür 2) icra qeydi verilməmişdən öncə borcun mübahisəsiz olmasını sübut edən bildiriş bank tərəfindən ona göndərilməmişdir. Tələb etmə müddətinin bank tərəfindən ötürülməsi məsələsi barədə məhkəmə qeyd edir ki, bu məsələ artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə araşdırılmış və öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(105)-2170/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Maraqlı şəxs ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi barədə iddiasında da bank tərəfindən həm ümumi iddia müddətinin, həm də zaminə qarşı iddia irəli sürmə müddətinin keçməsini əsas gətirmiş, lakin məhkəmə onun bu dəlili ilə razılaşmamış, iddia müddətinin bank tərəfindən ötürülməməsi nəticəsinə gələrək iddia rədd edilmişdir. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, tələb etmə müddətinin ötürülməsinə istinad etməklə icra qeydinin ləğv edilməsi üçün dəlil öz təsdiqini tapmır. İddiaçının digər dəlilinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci bəndinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, kreditor Maraqlı şəxs ASC tərəfindən borclu İddiaçı ASC-yə olan ümumilikdə 2136,96 ABŞ dolları borcunu 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3472/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3472/2022
12.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver