Məhkəmə qərarları › İş №2(012)-348/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-348/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-348/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı AtaSığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AtaSığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 390 manat sığorta ödənişi, 580 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla cəmi 1000 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı AtaSığorta ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İsuzu NPR” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “İsuzu NPR” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Vaz 21723” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 390 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYPŞ-dən xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xəzər RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 055-6525-1219 saylı arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə, cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı AtaSığorta ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli AS-SHTD- 22/923 saylı ərizəyə əsasən iddiaçı iş həcminin çox olması səbəbindən xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla nümayəndənin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2017-ci il tarixli ƏN-İİİ 003186 saylı etibarnamənin surətindən görünür ki, X9 ona məxsus olan Vaz 21723 markalı, ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X1 xx.xx.2024-cü il tarixədək etibar etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan İsuzu NPR markalı, ** AC *** qeydiyyat nişanlı avtomobil həmin müəssisəsinin sürücüsü Cavabdeh etibar edilmişdir. -AtaSığorta ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində X4 mülkiyyətində olan Vaz 21723 markalı, ** OT *** qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdə dəymiş zərər olaraq 390 manat hesablanmışdır. -xx.xx.2019-cu il tarixli 19-03145/04/AA-2613/19 saylı sığorta ödənişi aktından görünür ki, Atasığorta ASC-də PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 55000 manat dəyərində sığortalanmış "xxxx" MMC-yə məxsus İsuzu NPR markalı, ** AC *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Z.Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs X4 mülkiyyətində olan Vaz 21723 markalı, ** OT *** qeydiyyat nişanlı avtomobilə 390 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 390 manat pul vəsaitinin Atabank ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixli 005404 saylı ödəniş tapşırığından görünür ki, AtaSığorta ASC tərəfindən X4 hesabına PAA********** saylı sığorta ödənişi olaraq 390 manat köçürülmüşdür. -AtaSığorta ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2019-cu il tarixli AS-19/2562 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 390 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tələb etmək hüququna malik olduğunu bildirərək göstərilən məbləği 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, AtaSığorta ASC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icbari sığorta növündə sığortalanmış sığortalı "xxxx" MMC-yə məxsus İsuzu NPR markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 240 manat, bonus-malus əmsalı 0,90 olmaqla yekun sığorta haqqı 216 manat dəyərində (240 x 0.90 = 216) sığortalanmışdır. -xx.xx.2019-cu il tarixli İXP ******* saylı protokolun və İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə atçılıq yolunda İsuzu NPR markalı, ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, Vaz 21723 markalı, ** OT *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 390 manat hesablanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Xəzər DYP bildirir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq yolunda toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş İsuzu NPR markalı, ** AC *** qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətində olan və etibarnamə əsasında sürücü X5 tərəfindən idarə olunmuş Vaz 21723 markalı, ** OT *** minik markalı avtomobillə toqquşmuş və avtomobilə zərər dəymişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Atasığorta ASC – adlı quruma, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsi ev 102 ünvanı, qanuni təmsilçi X8, X6 və X7 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair xx.xx.2020-ci il tarixli, **********737580 nömrə ilə çıxarış verilmişdir. -xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, AtaSığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsi Qarayev küçəsi 30 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1275 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “VAZ 21723” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 390,0 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, dəyişilməli hissələrin qiyməti - 50,0 manat; təmirbərpa işlərinin qiyməti - 340,0 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Atasığorta ASC-də icbari sığorta növündə sığortalanmış "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda həmin MMC-nin sürücüsü olan və MMC tərəfindən verilmiş etibarnamə əsasında İsuzu NPR markalı ** AC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Z.Bünyadov prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X5 tərəfindən idarə olunmuş Vaz 21723 markalı ** OT *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 390 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 390 manat müəyyən edilmişdir ki, iddiaçı AtaSığorta ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli İXP ******* saylı protokoldan və xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində X4 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X5 tərəfindən idarə olunmuş Vaz 21723 markalı ** OT *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərinə əsasən, təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Vaz 21723 markalı ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 390 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. cəmi 390 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iddiaçı görülən işlərə görə 580 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, tələbinin əsasını təşkil edən hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 390 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı AtaSığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 390 (üç yüz doxsan) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı AtaSığorta ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar