Məhkəmə qərarları › İş №2(012)-3484/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3484/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3484/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 06.09.2018-ci il tarixli 028-EMB-0561-18 nömrəli müqavilə üzrə 223.12 manat əsas, 18.97 manat faiz olmaqla cəmi 242.09 manat borcun və ödənilmiş 20.40 manat dövlət rüsumunun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 1589 manat kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 06.09.2018-ci il tarixli 028-EMB-0561-18 nömrəli müqavilə bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-yə 29.03.2021-ci il tarixə əsas borcu 223.12 manat, faiz borcu 18.97 manat olmaqla ümumi borcu 242.09 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. 16 iyun 2020-ci il tarixli, 8677/20 saylı və 14 sentyabr 2020-ci il tarixli, 10993/20 saylı pretenziya (xəbərdarlıq) məktubları göndərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırki iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 05.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 08.05.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06.09.2018-ci il tarixli, 028-EMB-0561-18 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 34.05 faiz olmaqla 1589 manat kredit verilmişdir. - Müqaviləyə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 08.10.2018-ci il tarixdən başlayaraq, 07.09.2020-ci il tarixinədək hər ay banka 92 (sonuncu ay 98.44) manat ödəməklə 24 ay müddətinə qaytarmalıdır. - BOKT "xxxx" QSC tərəfindən verilmiş 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.09.2018-ci il tarixli, 028-EMB-0561-18 nömrəli kredit müqaviləsinə əsasən 29.03.2021-ci il tarixə 223.12 manat əsas, 18.97 manat faiz olmaqla cəmi 242.09 manat borcu vardır. - 14.09.2020-ci il tarixli son xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan borcunun 5 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 242.09 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarında olan 31.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06.09.2018-ci il tarixli, 028-EMB-0561-18 nömrəli kredit müqaviləsi üzrə 223.12 manat əsas, 18.97 manat faiz olmaqla cəmi 242.09 manat borc və 20.40 manat dövlət rüsumu tutulub iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 06.09.2018-ci il tarixli, 028-EMB-0561-18 nömrəli kredit müqaviləsi üzrə 223,12 (iki yüz iyirmi üç manat 12 qəpik) manat əsas, 18,97 (on səkkiz manat 97 qəpik) manat faiz olmaqla, cəmi 242.09 (iki yüz qırx iki manat 09 qəpik) manat borc və 20.40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumu tutulub iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar