Məhkəmə qərarları › İş №2(012)-3486/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3486/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3486/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 70,28 manat əsas, 218,08 manat cərimə, 10,39 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 298,75 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 15.01.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixinədək Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə 70,28 manat əsas, 218,08 manat cərimə, 10,39 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 298,75 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı olan pul tələbi tamamilə əsassızdır. Onun iddiaçıya borcu yoxdur. Müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. İddiaçı isə bu tələb üzrə iddia müddətini buraxmışdır. Göstərilənlərə əsasən iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə 018-D/T saylı müqavilədən («Dəmir Taksit» kredit kartı) görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmağı, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada kartdan məxaric etdiyi məbləği, faiz və cəriməni kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndinə əsasən bankomatdan nağd pul çıxararkən və POS terminallardan istifadə zamanı tutulan komissiya borc məbləği ilə birlikdə ümumi borc məbləği hesab olunur. İş materiallarında olan kart qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh kredit kartı verilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh 21 dekabr 2020-ci il tarixdə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, 15 yanvar 2015-ci il tarixli müqavilə üzrə 18 dekabr 2020-ci il tarixinə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 70,28 manat əsas, 218,08 manat cərimə, 10,39 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 298,75 manat təşkil edir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15 yanvar 2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Hazırda cavabdehin borcu əsas borc üzrə 70,28 manat, cərimə borcu üzrə 218,08 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 10,39 manat, cəmi 298,75 manat təşkil edir. 15 yanvar 2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə cavabdehlə 36 ay müddətinə bağlanılmışdır və 15 yanvar 2018-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Müqavilə ilə tələb 3 (üç) il müddətində verilməli olduğu halda, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 05.05.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş 3 (üç) illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar