Məhkəmə qərarları › İş №2(012)-349/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-349/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-349/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3557 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “VAZ 2107” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mersedes” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqquşması nəticəsində 1 nəfər şəxsin xəsarət alması barədə Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə vermiş olduğu məlumat Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin icraatına daxil olmuşdur. 16 iyul 2023-cü il tarixdə, saat 22:30 radələrində “NZS” qəsəbəsindən çıxıb yaşadığı Mehdiabad qəsəbəsinə getmək üçün Mehdiabad-Novxanı yolu ilə üzü “Qarant” yaşayış massivi istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və iki zolaqlı idi. Həmin vaxt avtomobildə ondan başqa heç kim və hər hansı yük olmamışdır. Təxminən “Qarant” yaşayış massivinə çatmamış sol tərəfə dönmə nişanını yandırıb həmin istiqamətə dönməyə hazırlaşdığı vaxt qəfildən arxadan gələn “Mersedes” markalı gümüşü metalik rəngli avtomobil onun idarə etdiyi avtomobili arxa sol nahiyəsindən vurmuşdur. Baş vermiş qəza nəticəsində hər iki avtomobil ciddi zədələndiyindən və sol çiyin nahiyəsi ağrımağa başladığından ilk öncə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra hadisə yerinə gəlmiş iki təcili tibbi yardım briqadası onu və digər sürücünü müayinə üçün X7 aparmışdır. Orada müayinə zamanı hər hansı bir ciddi zədə müəyyən olunmadığından sərbəst şəkildə evə buraxılmışlar. Hadisə anında hava küləksiz və yağmursuz idi. Yol örtüyü isə asfat-beton olmaqla quru idi. Hadisə baş verən gün, yəni 16 iyul 2023-cü il tarixdə heç bir spritli içki və ya digər vasitə qəbul etmədiyini, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və etibarnamənin olduğunu, avtomobili təxminən 5-10 km/saat surətlə idarə etdiyini polisdə qeyd etmişdir. Ona məxsus avtomobilə ümumilikdə 3433 manat məbləğində ziyan dəymişdir. Bu fakt müstəqil ekspert X3 verdiyi rəydə öz əksini tapmışdır. Həmin rəydə ona məxsus avtomibilin detallarına dəymiş ziyanın məbləği açıq-aşkar göstərilmişdir. Cavabdeh həmin zərəri ödəməkdən boyun qaçırdığı üçün həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar cavabdeh deyil, iddiaçıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AZEMİS məlumatlarından görünür ki, “VAZ 2107” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi X4r. İşdə olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 16 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh Mayıs oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. İşdə olan müstəqil ekspert X3 tərtin etdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2004-cü il buraxılışlı, “VAZ 2107” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə yonəqliyyat hadisəsi zamanı 3433 manat zərər dəymişdir (o cümlədən-ehtiyat hissələri-1818 manat, usta haqqı 1615 manat). İşdə olan dayanacaq haqqı barədə FİU 1779 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “VAZ 2107” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 24 manat haqq ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin Ə/A/6 048658 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “VAZ 2107” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 60 manat haqq ödənilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/9731/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan müstəqil ekspert X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “VAZ 21074” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2633 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü ildə idarə etdiyi “Mersedes” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində yol-hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının etibarnamə əsasında idarə etdiyi avtomobilə zərər dəymişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 16 iyul 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh Mayıs oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. Müstəqil ekspert dəymiş zərərin məbləğini 3433 manat həddində müəyyənləşdirmişdir. Həmçinin iddiaçının bir sıra başqa xərcləri (50 manat rüsum haqqı, 74 manat dayanacaq və s haqqı) də çıxmışdır. Hazırda Hüseynov X1 Murad Mayis oğlundan 3557 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 2633 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyini deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/9731/2023 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Bundan başqa, işdəki sübutlarla müəyyən edilir ki, İddiaçı dayanacaq haqqı olaraq 24 manat, evakuator haqqı olaraq 60 manat olmaqla, cəmi 84 manat vəsait də ödəmişdir. Bu xərc də dəymiş zərərin aradan qaldırılması üçün ödənildiyindən məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, tələb edilən 74 manat hissəsində iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, maddi zərər olaraq 2707 (2633+74) manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 2707 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar idiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 47,07 manat hissəsi cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2707 (2633+74) manat pul tutulsun. Dövlət rüsumuna görə 47,07 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar