Məhkəmə qərarları › İş №2(012)-3490/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3490/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3490/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank of Azerbaijan ASC ilə Cavabdeh arasında bağlanmış 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3439.71 manat, cəriməyə görə 2214.32 manat olmaqla cəmi 5654.03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan Bank of X5 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASCnin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2007-ci il tarixli 634 saylı kredit müqaviləsinə əsasən cavabdehə mebel və ev əşyalarının alınması üçün 24 ay müddətinə, 20 avqust 2009-cu il tarixə qədər illik 25% ödəmək şərtilə 9200 manat kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etmişdir. Beləliklə də, Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2007-ci il tarixli 634 saylı kredit müqaviləsinə əsasən 04.07.2016-cı il tarixə cavabdehin Ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu üzrə 3439.71 manat, cərimə borcu üzrə 2214.32 manat olmaqla, cəmi 5654.03 manat borcu yaranmışdır. Həmçinin, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onunla İddiaçı ASC arasında bağlanmış 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik ödəmək şərtilə 9200 manat kredit verilmişdir. Bankdan kredit götürdükdən bir müddət sonra ümumi borc məbləğinin böyük hissəsini geri qaytarsa da maddi imkanı pisləşdiyindən ödəmə qabiliyyətsiz olmuş və nəticədə banka cüzi miqdarda borcu qalmışdır. Sonradan müəyyən gecikmələrlə olsa da 2013-cü ildə borcunu tam ödəyərək bağlamışdır. Həmin mülki işlə bağlı baxılmamış saxlama barədə qərardad qəbul edilmiş, həmin qərardaddan on gün müddətində şikayət vermək hüququ olduğu halda, dörd ildən sonra baxılmamış saxlama barədə qərardad ləğv edilmişdir ki, bu halda hesab edir ki, həmin məhkəmə prosesində borcun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin bank borcun qalmasını sübut edən zəruri sənədləri təqdim edə bilməmişdir. Halbuki, o, öhdəliklərini tam şəkildə icra etmişdir. Digər tərəfdən, müqavilə müddəti 20.08.2009-cu il tarixdə bitməsinə baxmayaraq, 12 ildən artıq vaxt keçdikdən sonra 2021-ci il tarixdə ona qarşı iddia qaldırılmışdır. Tərəflər arasında olan mübahisə kredit müqaviləsi əsasında yaranmış müqavilə öhdəlik münasibətləridir. Qüvvədə olan qanunvericiliyə əsasən bu cür müqavilələr üzrə iddia müddəti 3 (üç) il müddəti ilə məhdudlaşır və bu baxımdan da hesab edir ki, bank iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, o, banka olan borcunu tam şəkildə ödəyib öhdəliklərini icra etdiyi halda bank məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməklə göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarından görünür ki, Bank of X5 Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bank of X5 Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. -Kredit verən Bank of X5 Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə, illik 25% hesabı ilə 9200 manat kredit verilmişdir. -Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 20.09.2007ci il tarixdən başlayaraq, 20.08.2009-cu il tarixinədək hər ay banka 383.34 (sonuncu ay 383.18 manat) ödəməklə qaytarmalıdır. -Ləğv prosesində olan Bank of Azerbaijan ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 12.07.2016-cı il tarixli 1599 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 7 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Ləğv prosesində olan Bank of Azerbaijan ASC-nin 04.07.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 3439.71 manat, cəriməyə görə 2214.32 manat olmaqla cəmi 5654.03 manat borcu vardır, kredit müqaviləsi üzrə sonuncu dəfə 06.12.2013-cü il tarixdə 100 manat ödəniş edilmişdir. -01.01.2012-28.12.2016-cı il tarixlərini hatə edən hesabdan çıxarışlardan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcundan 06.12.2013-cü il tarixdə 38.90 manat və 61.10 manat olmaqla cəmi 100 manat ödəniş etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 14.10.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 07.06.2016-cı il tarixli arayışdan görünür ki, Aslanov X3 rayonu Novxanı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.7. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2021-ci il tarixli 9/4000 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, tərəflər arasında imzalanmış 634 saylı kredit müqaviləsi 20.08.2007-ci ildə rəsmiləşdirilməsinə baxmayaraq, hesabdan çıxarış kredit verilən tarixdən deyil, 01.01.2009-28.12.2016-cı il tarixədək olan dövrü əhatə edir. Bundan başqa kredit müqaviləsi üzrə 9200 manat məbləğində kredit vəsaitinin hansı tarixdə borcalanın hesabına köçürüldüyü hesabdan çıxarışda öz əksini tapmamışdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 20.08.2007-ci il tarixli, 634 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə borcunu müəyyən etmək mümkün olmamışdır. Bildirilir ki, hesabdan çıxarış (cari, ssuda, faiz, cərimə hesabları tam şəkildə, kredit verilən tarixdən hal-hazıradək ödənişlərin təyinatları müqavilələr üzrə göstərilməklə) tam şəkildə təqdim olunduğu halda Cavabdeh İddiaçı ASC-yə borcunu müəyyən etmək olar. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 20 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.07.2021-ci il tarixli 4/808 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan Ekran-Unikal=kod: 1***-******* nömrəli 29 noyabr 2013-cü il tarixli nağd pulun mədaxili üçün elanda “Təhvil verdim” qrafasındakı imza və İddiaçı ASC-nin 3 saylı filialı ilə Cavabdeh adına bağlanmış olan 20 avqust 2007-ci il tarixli 634 nömrəli kredit müqaviləsində “Borclu” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli 9/7152 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 20.08.2007-ci il tarixli 634 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 20.08.2009-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 7828,09 manat məbləğində müəyyən olunur, o cümlədən: 20.08.2009cu il tarixə: əsas borc üzrə 6886,04 manat, faiz borcu üzrə 942,05 manat. Qeyd: İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 20.08.2007-ci il tarixli 634 nömrəli kredit müqaviləsi üzrə 20.08.2009-cu il tarixdən (sualda göstərilən tarix) sonra 8630,00 manat ödəniş edilmişdir ki, həmin ödənişlər nəzərə alındığı təqdirdə cavabdehin banka 801,91 manat (7828,09 - 8630,00) artıq ödəniş edildiyi müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirib qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və 634 saylı kredit müqaviləsinə əsasən cavabdehə 20.08.2007-ci il tarixdə illik 25 faiz ödəmək şərtilə 24 ay müddətinə, yəni 20.08.2009-cu il tarixədək qaytarmaq şərtilə 9200 manat kredit verilmişdir. Beləliklə də, tərəflər arasında hüquq münasibəti 20.08.2007ci il tarixdə yaranmış, kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməyərək mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatına əsasən cavabdeh tərəfindən sonuncu dəfə, yəni 06.12.2013-cü il tarixdə 100 manat ödəniş edilmişdir. İddiaçı kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə 19.07.2016-cı il tarixdə müraciət etmiş, həmin mülki iş üzrə iddia ərizəsi məhkəmənin 2(012)-156/2017 saylı 21.05.2017-ci il tarixli qərardadına əsasən baxılmamış saxlanılmış, iddiaçının 03.05.2021-ci il tarixli şikayətinə əsasən isə məhkəmənin 2(012)- 156/2017 saylı 04.05.2021-ci il tarixli qərardadına əsasən məhkəmənin baxılmamış saxlanılma barədə qərardadı ləğv edilmişdir. Göründüyü kimi, iddia müddətinin axımı cavabdehin sonuncu ödəniş etdiyi tarixdən, yəni 06.12.2013-cü il tarixdə başlanmış, iddiaçı tərəfindən isə məhkəməyə 19.07.2016-cı il tarixdə müraciət edilməklə, müqavilələr üçün qanunla müəyyən edilmiş 3 (üç) illik iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 373.2. maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdeh ərizəsində 4 ildən sonra baxılmamış saxlama barədə qərardadın ləğv edilməklə, iddiaçının iddia müddətini ötürdüyünü qeyd etsə də, məhkəmə bildirir ki, Mülki Məcəllənin 381.1. maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, qanunun tələbinə əsasən, yeni iddia tələbi irəli sürüldüyü təqdirdə ümumi iddia müddəti davam etmiş olur. Lakin, hazırda iddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etməklə, baxılmamış saxlanılmış iş üzrə icraat təzələnmişdir. Beləliklə, bu halda da iddiaçı tərəfindən 3 (üç) illik iddia müddəti ötürülmədiyindən məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dir ərizəsini təmin etmir. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12.03.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...». İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi, borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı və ekspert rəyinə əsasən də cavabdeh tərəfindən imzalanması sübuta yetirilmiş kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 3439.71 manat, cəriməyə görə 2214.32 manat olmaqla cəmi 5654.03 manat borcu yaranmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli 9/7152 saylı rəyinə əsasən isə cavabdehin borcu olaraq əsas borc üzrə 6886,04 manat, faiz borcu üzrə 942,05 manat borc müəyyən olunmuşdur. Məhkəmə maliyyə arayışında qeyd olunmuş əsas borc ilə ekspert rəyində hesablanmış əsas borc məbləğlərini paralel şəkildə qiymətləndirərək Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borca görə 3439.71 manat pul vəsaitinin tutulmasını məqsədəmüvafiq hesab edir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 2214.32 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə əsas borc üzrə hesablanmış 2214.32 manat məbləğində cərimənin azaldılaraq 200 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bank of X5 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 3439.71 manat, cəriməyə görə 200 manat olmaqla cəmi 3639.71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 220 (iki yüz iyirmi) manat ekspertiza xərci bərabər hissələrdə olmaqla tərəflərin hər birinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 20.08.2007-ci il tarixli 634 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3439.71 (üç min dörd yüz otuz doqquz manat yetmiş bir qəpik) manat, cəriməyə görə 200 (iki yüz) manat olmaqla cəmi 3639.71 (üç min altı yüz otuz doqquz manat yetmiş bir qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı Bank of X5 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar