Məhkəmə qərarları › İş №2(012)-3493/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3493/2025

02.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3493/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaqlarla ünsiyyət hüququna maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayədarlıq Komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən onun uşaqlarla ünsiyyət hüququna Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun keçmiş gəlinidir. Onun oğlu X1 ilə Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. X3 ilə Cavabdeh arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. O, məhkəməyə müraciət etməmişdən əvvəl Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayədarlıq Komissiyasına nəvələri xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaq üçün müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayədarlıq Komissiyasında xx.xx.2025-ci il tarixində onun nəvələri ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək ünsiyyətdə olması ilə bağlı qərar qəbul edilmişdir. Qərarın olmasına baxmayaraq hazırki iş üzrə Cavabdeh nəvələri ilə onun ünsiyyətdə olmasına mane olur, uşaqlarla onu görüşdürmür. O, bilir ki, azyaşlı uşaqlar anasının yanında qalmalıdır. Lakin bir nənə kimi o da azyaşlı nəvələrini çox sevir. Nəvələri ilə ünsiyyətdə olmaq ona xoşbəxtlik verir. Respublika qanunvericiliyində ona uşaqlarla ünsiyyətdə olmaq hüququ verilmişdir. Lakin hazırki iş üzrə cavabdeh uşaqları görməsinə icazə vermədiyindən hüququnun həyata keçirilməsinə mane olur və uşaqları ona göstərmir. Cavabdeh onun telefon nömrəsini uşaqların telefonunda bloklamış, nə o, uşaqlarla telefonla danışa bilir, nə də uşaqlar yazdıqlarını görüb cavab verirlər. Çünki Cavabdeh uşaqların ona olan sevgisini görür. Cavabdeh göndərilən mesajları ancaq özü görür və özü oxuyur. O, nəvələri ilə görüşməsinə süni maneələr yaradıldığına görə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Artıq 6 aydan çoxdur ki, o, uşaqlarla görüşə bilmir. Cavabdeh həm onun oğluna, yəni uşaqların atasına, həm də ona uşaqlarla görüşməyə mane olur. Onun oğlu telefon vasitəsilə cavabdeh ilə əlaqə saxlamağa çalışsa da cavabdeh zənglərə cavab verməmişdir. O, uşaqlarla ünsiyyət hüququna yaradılmış maneə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə də müraciət etmişdir. Uşaqlar ondan qorxmurlar, əksinə nəvələri onunla görüşmək istəyir, həmçinin uşaqların atasının da uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh uşaqları onlara vermir. Keçən dəfə o, cavabdehin anasına zəng edib uşaqları onlara vermələrini demiş, lakin daha sonra onun zənglərinə cavab verməmişdirlər. O, uşaqları sonuncu dəfə 2024-cü ilin dekabr ayında görmüşdür. Əlavə olaraq bildirir ki, onun oğlu aliment ödəyir, lakin təxminən 600-900 manat məbləğində aliment borcu vardır. O, dəfələrlə müvafiq icra orqanına müraciət etsə də o və uşaqların atası olan oğlu uşaqlarla görüşə bilməmişdirlər. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaqların nənəsi olan İddiaçı bu ilin yanvar ayında uşaqları ataları ilə görüşmək adı ilə özü ilə aparmış, lakin ata artıq 2024-cü ilin dekabr ayında ölkəni tərk etmişdir. Uşaqlar özləri də nənələri tərəfindən aldadıldıqlarını bilirlər. Uşaqların atasının övladları ilə ünsiyyət hüququ ilə bağlı məhkəmə qərarı vardır. İddiaçı uşaqların atası, yəni öz oğlu ilə bir evdə qalır, lakin uşaqlar nənə ilə görüşmək istəmirlər. Uşaqlar artıq böyümüşdür, telefonlar da uşaqların özündədir və hazırda aktivdir. Bildirir ki, ata özü övladlarını görməyə gəlmir. Buna baxmayaraq o, uşaqların nənələri olan iddiaçı ilə görüşməsinə etiraz etmir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 565187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 may 2015-ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası isə Cavabdehdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 920258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 mart 2017-ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, azyaşlılar - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 nənəsi İddiaçı ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək görüş vaxtının müəyyən edilməsinin məqsədə müvafiq hesab edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci və 62.1-ci maddələri, həmçinin «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi təşkil edir. İddiaçının öz nəvələri olan 25 may 2015-ci il təvəllüdlü X6 və 01 mart 2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmaq hüququ vardır və cavabdehin buna mane olması həm iddiaçının, həm də uşaqların hüquqlarını pozur. Məhkəmə bununla bağlı həmçinin onu da qeyd edir ki, qanunvercilik uşaqların hüquqlarını müəyyən edərkən onların yaxın qohumları, o cümlədən babası və nənəsi ilə ünsiyyətdə ola bilməsini məhz uşaqların mənafeyi baxımından əsas götürülməsini nəzərdə tutur. Bu zaman cavabdehin buna hər hansı vasitə ilə mane olması və cavabdehin bunu özünün mənafeyi ilə izah etməsi uşaqların hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, uşaqların qanunla qorunan mənafeyini, uşaqların azyaşlı olmasını, həmçinin cavabdehin iddiaçının uşaqlarla görüşməsinə etiraz etməməsinə dair izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı nəvələri 25 may 2015-ci il təvəllüdlü X6 və 01 mart 2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan 14:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı nəvələri 25 may 2015-ci il təvəllüdlü X6 və 01 mart 2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 11:00dan 14:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar