Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3502/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1385 manat pul vəsaitinin və 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun tanışıdır. Cavabdehlə 10 illik tanışlıqları zamanı heç vaxt aralarında narazılıq olmamış, əksinə bir-birlərinə qarşı hörmət və güvənləri olmuşdur. Cavabdeh ondan dəfələrlə dəsmal, yataq örtükləri, geyim əşyaları almış və vaxtında ödəmişdir. Belə ki, cavabdeh aralarındakı yaxınlıqdan istifadə edərək, 2018-ci ilə qədər hissə-hissə olmaqla, ümumilikdə 1385 manat məbləğində nisyə mal vermişdir. Karantin rejimi elan edildikdən sonra cavabdeh hər gün bir bəhanə ilə onun pulunu qaytarmaqdan imtina etdikdən sonra o, məcbur qalıb Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə şikayət etmişdir. Polis bölməsində cavabdehin izahatı alınsa da, onun pulu qaytarılmamışdır. X3 bildirilmişdir ki, cavabdeh ondan pul götürdüyünü etiraf etsə də, guya pulu qaytarmışdır. O, bu barədə qərarın və cavabdehin izahatının surətini tələb etsə də, yalnız məhkəmə sorğusu əsasında verilə bləcəyi ona bildirilmişdir. Həmçinin cavabdehlə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə olan cavabdehin borclu olmasını təsdiq edən səs yazıları da mövcuddur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o ayrı-ayrı vaxtlarda iddiaçıdan ümumilikdə 800 manat dəyərində müxtəlif əşyalar götürmüş,lakin həmin əşyaların dəyərini İddiaçı qaytarmış və hal-hazırda borcu yoxdur.Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləliklə,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,tərəflər arasında faktiki olaraq nisyə alqı-satqı və öhdəlik münasibətləri yaranmış və bu hal məhkəmədə hər iki tərəfin verdiyi izahatlarla təstiq olunur. İddiaçı Cavabdeh 1385 manat dəyərində nisyə mal verdiyini, verilmiş malların dəyəri olan 1385 manat pulun cavabdeh tərəindən ona qaytarılmadığını bildirsədə, 1385 manat dəyərində olan malların cavabdehə veilməsini özünün və nümayəndəsinin izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Lakin, Cavabdeh məhkəmə iclasında İddiaçı ümumilikdə 800 manat dəyərində müxtəlif əşyalar götürdüyünü və həmin əşyaların dəyərini İddiaçı qaytardığını bildirmişdir.Beləliklə 800 mant dəyərində malın cavabdeh tərəfindən məhkəmədə etiraf edildiyindən,məhkəmə hesab edir ki,MPMin 77.1-ci maddəsinin tələbinə görə cavabdeh, etirazın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı halda, özünün izahatından başqa hər hansı bir sübuta istinad etmədiyindən,sonuncunun izahatına tənqidi yanaşılmalı və Cavabdeh 800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 34 manatdan, iddia tələbinin təmin olunmuş hisəsinə mütənasib olaraq 20 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 20 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3502/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3502/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver