Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3516/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X7, X10 və Cavabdeh1 Əlövsət qızına qarşı istifadə hüququna xitam verilməsi və evdən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, X10 və Cavabdeh1 Əlövsət qızına qarşı istifadə hüququna xitam verilməsi və evdən məcburi qaydada çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 evdə cavabdehlər X3, X4 və onların azyaşlı ailə üzvü X5 istifadə hüququna xitam verilməsi , onların və onlarla birlikdə ona məxsus evdə qeydiyyatsız yaşayan Cavabdeh1 Əlövsət qızının həmin evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev hazırda onun xüsusi mülkiyyətindədir. Həmin yuxarıda qeyd edilən ünvanda yerləşən evi qanuni yolla keçirələn hərracdan alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Lakin buna baxmayaraq evinə dair sərancam vermək hüququ məhdudlaşdırılmışdır. Ona məxsus olan evinə mülkiyyətçi kimi sərbəst sərancam verməyinə, öz evinə köçüb yaşamağına həmin evin keçmiş mülkiyyətçisi və onun ailə üzvlərinin qanunsuz olaraq qeydiyyatda qalması və yaşaması mane olur. Dəfələrlə onlara mülkiyyət hüququ üzrə ona məxsus evini könüllü olaraq tərk etmələrini xahiş etmişdir. Lakin cavabdehlər onun xəbərdarlıqlarına məhəl qoymamış, evindən pasport qeydiyyatından çıxmamış, bundan əlavə həmin evdə qeydiyyatda olmayan digər şəxslərlə birlikdə yaşamağa davam edirlər. Cavabdehlər X3, Cavabdeh2 onların azyaşlı ailə üzvü olan X5 pasport qeydiyyatında qalması və həmin evdə qeydiyyatda olmayan Cavabdeh1 Əlövsət qızının cavabdehlərlə birgə həmin evdə yaşamağa davam etməsinin heç bir hüququ əsası yoxdur. Bu səbəbdən mülkiyyətində olan evinin yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə, cavabdehlərin ona məxsus evdən məcburi qaydada çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 1 ünvandakı evdə cavabdehlər X3, Cavabdeh2 və onların azyaşlı ailə üzvləri X5, X8 istifadə hüququna xitam verilməsi, həmin evdə qeydiyyatsız yaşayan Cavabdeh1 Əlövsət qızının cavabdehlərlə birlikdə evdən məcburi qaydada çıxarılması və həmin evin boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X7, X10 və Cavabdeh1 Əlövsət qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 0,01255 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 93,5 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. “X2” "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli,47/24 saylı Hərrac Yekunları barədə Protokolunun surətindən görünür ki, ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi (yeni qaydalarla N.Dadaşov küç., ev 20) əmlakın ilkin hərracda alış qiyməti (rəqəm və sözlə): 26.260 (iyirmi altı min iki yüz altmış) manata (Alış qiyməti ödənilərkən qalib alıcı, eyni zamanda mülkiyyətçi İddiaçı 36/40 hissədə payının məbləği nəzərə alınmalıdır.) İddiaçı (etibarnamə üzrə nümayəndə X11) satılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Əliyeva X6 rayonu, Görədil qəsəbə Ə/D, Görədil kəndi, N.Dadaşov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda qeydiyyatda olan şəxslər X12, X13, Cavabdeh3, Cavabdeh2dur. Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyəri 51500 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti İddiaçı 36/40 hissədə, Cavabdeh2 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızından müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1374/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-333/2022 nömrəli qətnaməsi qismən - Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyərinin 51500 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə açıq hərrac keçirilərək, iddiaçıya satılmış və bu barədə sonuncuya xx.xx.2024-cü il tarixdə ƏMDX yanında DƏDKR PHŞ tərəfindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdehlər həmin evdən çıxmaqdan yayınır. Bu hal da iddiaçının əmlakı üzərində öz mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçı bu səbəbdən də, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, iş materiallarından və istinad olunan hüquq normalarından müəyyən edilir ki, tərəflər arasında mübahisəli əmlakla bağlı məhkəmə çəkişməsi olmuş və əmlak üzərində tərəflərin payları müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığından daşınmaz əmlak açıq hərracda İddiaçı satılmış və bu barədə sonuncu dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdehlər iddiaçının mənzilində qanunsuz şəkildə yaşamaqla, onun həmin əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmışlar. Belə olan halda cavabdehlər X7, Cavabdeh2 və onların azyaşlı ailə üzvləri X12, X13 və Əliyeva X9 rayonu, Goradil kəndi, N.Dadaşov küçəsi, 12 saylı ünvandakı fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin istifadə hüququna xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehlərin mübahisəli mənzildən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Əlövsət qızı, X7, Cavabdeh2 və onların azyaşlı ailə üzvləri X12, X1 rayonu, Goradil kəndi, N.Dadaşov küçəsi, 12 saylı ünvandakı fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3516/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3516/2024
24.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver