Məhkəmə qərarları › İş №2(012)-3544/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3544/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3544/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik), vəkilə ödədiyi 210 manat pul vəsaitinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 35000 (otuz beş min) manat depozitinin altında cavabdehə 12 ay müddətinə 4792 (dörd min yeddi yüz doxsan iki) manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” ASC ləğv prosesesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) borcunu ödəmişdir. xx xxxxx 2019-cu il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank’hn həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları “Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin “Borclu”dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdehin qanunsuz hərəkətlərinə görə, iddia ərizəsinin tərtib edilməsi və məhkəmədə müdafiəsi üçün məcburən vəkillə müqavilə bağlamış və 210 manat pul ödəmişdir. Həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə, məhkəmə iclasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan keçirir. Məhkəmə iddiaçını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3452/DİK saylı Kredit müqaviləsinin surətindən görünür ki, Bank Cavabdeh 12 ay müddətinə qaytarmaq şərtilə illik 17 faiz dərəcəsi ilə 4792 (dörd min yeddi yüz doxsan iki) manat məbləğində Şəxsi istehlak üçün kredit vermişdir. «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3452/DİK saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, «Zamin» «Borclu»nun «Bank» qarşısında xx.xx.2019-cu il tarixli, 04/3452/DİK saylı Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yeinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 20 saylı Vəkil Bürosuna 210 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti «xxxx» ASCnin Gənclik filialına ödənilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-yə borcu yoxdur. ASAN-Sumqayıt tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 16/2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəlik müəyyən istisnalar olmaqla yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayri qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 35000 (otuz beş min) manat depozitinin altında cavabdehə 12 ay müddətinə 4792 (dörd min yeddi yüz doxsan iki) manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat borcunu ödəmişdir. Hazırda isə iddiaçı X8 borc pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat pul vəsaitinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh əvəzinə 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaitini ödəməsi tədqiq edilmiş sübutlarla yanaşı xx.xx.2020-ci il tarixli mədaxil qəbzi ilə tam olaraq sübuta yetir, odur ki, iddiaçı vermiş olduğu pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı xeyrinə 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat, vəkilə ödədiyi 210 manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4933.70 (dörd min doqquz yüz otuz üç manat yetmiş qəpik) manat, vəkilə ödədiyi 210 manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar