Məhkəmə qərarları › İş №2(012)-3581/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3581/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3581/2025 12.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı oğlunun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat borc pul vəsaiti və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıdan 18300 manat məbləğində borc pul almış, həmin borcun kredit müqaviləsi əsasında notarial qaydada borc verən İddiaçı borc alan Cavabdeh 18300 manat məbləğində pul borc verməyi, borc alan krediti xx.xx.2021-ci il tarixədək tam məbləği borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh 18300 manatdan cəmi 5300 manatı qaytarmış, qalan 13000 borcu bu günə kimi iddiaçıya qaytarmamışdır. Cavabdehə borclu olduğu 13000 manatı geri qaytarması ilə bağlı dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi olmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh borcun ödənilməsindən boyun qaçıraraq 13000 manat borcundan indiyə kimi hissə-hissə olmaqla bank vasitəsilə - iddiaçıya məxsus Bank Respublika kartına 5300 manat hissəsini qaytarmışdır. Son zamanlar cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borc verən İddiaçı və borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 18300 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq barədə ərizə və xəbərnamədən görünür ki, İddiaçı Cavabdeh 13000 manat borcu 10 gün ərzində ona qaytarmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək qaytarmaq şərtilə 18300 manat məbləğində borc verdiyini, cavabdehin qaytarmağı öhdəliyinə götürdüyü pul məbləğinin sadəcə 5300 manat hissəsini qaytardığını, qalan 13000 manat hissəsini isə ödəməyərək borclu qaldığını irəli sürərək ümumilikdə 13000 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıdan 18300 manat borc götürməsi, iddiaçı tərəfin izahatına əsasən cavabdehin borcundan 5300 manat hissəsini qaytarması, lakin öhdəliklərini tam icra etməməsi səbəbindən hazırda iddiaçıya 13000 manat borcunun olması öz təsdiqini tapdığından və əksi məhkəmə araşdırması zamanı aşkarlanmadığından iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında, həmçinin iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 13000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** qəbz əsasında ödənilmiş 130 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13000 manat borc pul vəsaiti və ödənilmiş 130 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13000 manat pul vəsaiti və ödənilmiş 130 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar