Məhkəmə qərarları › İş №2(012)-359/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-359/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-359/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərin 3400 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh nəqliyyat vasitəsinin istifadədən qaldığı hər günə görə əldən çıxmış fayda olaraq 2160 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, məhkəməyə ödənilən 75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, İddiaçı MMC olaraq Cavabdeh ilə və qeyd olunan üçüncü şəxs X3 ilə 11 fevral 2024-cü ildə nəqliyyat vasitəsinin icarə müqaviləsini №1413 imzalamışdır. İcarəyə verən olaraq müqaviləyə əsasən qeydiyyat nişan: **-DN-*** (buraxılış ili 2018-ci il sedan rəngi: ağ mirvari) “Hyundai Elantra” markalı minik avtomobilini icarəyə vermişdir. İcarəçi isə həmin avtomobili qəbul etdi və müqavilədə qeyd olunanlarla imza ataraq razılaşmışdır. Müqavilənin ikinci maddəsinə əsasən avtomobilin icarəsi hər təqvim günü 60 manat məbləği təşkil etmişdir. Həmin müqavilənin üçüncü maddəsinə əsasən avtonəqliyyat vasitəsi 11 fevral 2024-cü ilin saat 23:00-da götürülmüş sayılır və 20 fevral 2024-cü ilin saat 23:00 da təhvil verilməli idi, lakin xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Cavabdeh Masazır yolu AZPETROL YDM da yanacaq vurub hərəkətə başlayarkən, idarəetməni itirərək avtomobili ilə YDM-nin pompa qoruyucu beton maneəsinə çırpilmişdır. Çırpılmanın nəticəsində icarəyə götürülən avtomobilə ciddi zərər dəymiş və təmiri üçün evakuator servisi ilə avtonəqliyyat vasitəsi təmirə göndərilmişdir. İlkin razılıq əsasında iddiada üçüncü şəxs kimi qeyd olunan Cavabdeh yoldaşı X3 ilə zərərin tam qarşılıyacağına dair şifahi razılaşmaları olsa da, həmin şəxs üç həftə ərzində 1000 manat məbləğində zərəri qarşılamaq üçün ilkin olaraq pul göndərmişdir. Daha sonra təmir prosesində şəxsən iştirakı üçün servisə dəvət edilmişdi, lakin iştirak etməmişdir. Avtomobilə dəyən ümumi maddi zərərə 4400 manat təşkil edir və bununla bağlı maşını təmir edən “X8”-in qüsür aktında rəsmi şəkildə tərtib olunub və bu akt iddia ərizəsinə əlavə edilmişdir. Bildirmək istəyir ki, nəqliyyat vasitəsinin icarə müqaviləsinin şərtləri və vəzifələrinin 1-ci maddəsinin 1.4.16-cı bəndinə əsasən avtomobil, icarəçinin qəzası səbəbindən istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizini həmçinin də əldən çıxmış faydaya görə də kompensasiya şəklində icarəyə verənə ödəməlidir. Odur ki, əldən çıxmış faydaya görə kompensasiya məbləği 2160 manat təşkil edir. Həmin müqavilənin 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəlikərin yerinə yetirilməməsi və ya lazım qaydada yerinə yetirilməməsi hallarında tərəf Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunveriliciyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin əvəzini ödəməlidir. Qarşı tərəfə rəsmi şəkildə bununla bağlı yazılı bildiriş göndərilsə də, dəfələrə zəng edərək də zərəri və kompensasiyanı ödəmək tələbi qoyulsa da, qarşı tərəf zərəri ödəməkdən imtina etmişdir. Odur ki, müqavilənin şərtlərinə uyqun olaraq və cavabdehin maşına vurulan zərərin və kompensasiyanın ödənilməməsini nəzərə alaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı qurumun nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcarəyə verən İddiaçı MMC ilə icarəçilər X3 və Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 1413 nömrəli nəqliyyat vasitəsinin icarə, idarə müqaviləsindən görünür ki, icarəyə verən **-DN-*** (buraxılış ili 2018-ci il sedan rəngi: ağ mirvari) “Hyundai Elantra” markalı minik avtomobili hər təqvim günü üçün vergilər daxil olmaqla 60 manat məbləğində icarə haqqı ödəməklə icarəçilərə vermiş, icarəçilər isə nəqliyyat vasitəsini 20 fevral 2024-cü ilin saat 23:00 da təhvil verməyi öhdələrinə götürmüşlər. -“Grand Avto” Servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 4400 manat ziyan dəymişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh və X2 göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bildirişin alındığı gündən 3 iş günü ərzində maddi zərərin qalıq 5560 manat məbləğinin İddiaçı MMC-yə ödənilməsini, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/10040/2025 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “X9” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (7-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Hyundai Elantra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilmə hissəsinin qiyməti-2985 manat, təmir-bərpa işlərinin qiyməti-1050 manat olmaqla, ümumilikdə 4035 manat məbləğində müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC olaraq Cavabdeh ilə və qeyd olunan üçüncü şəxs X3 ilə 11 fevral 2024-cü ildə nəqliyyat vasitəsinin icarə müqaviləsini № 1413 imzalamışdır. İcarəçi icarəyə götürdüyü “Hyundai Elantra” markalı minik **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Masazır yolu AZPETROL YDM da yanacaq vurub hərəkətə başlayarkən, idarəetməni itirərək avtomobili ilə YDM-nin pompa qoruyucu beton maneəsinə çırpilmişdır. “Grand Avto” Servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından göründüyü kimi “Hyundai Elantra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 4400 manat ziyan dəymişdir. Cavabdeh həyat yoldaşı, iş üzrə üçüncü şəxs X3 zərərin qarşılanması üçün cavabdehin əvəzinə iddiaçıya ilkin olaraq 1000 manat məbləğində pul ödəniş, lakin qalan məbləğ ödənilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərin 3400 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh nəqliyyat vasitəsinin istifadədən qaldığı hər günə görə əldən çıxmış fayda olaraq 2160 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, məhkəməyə ödənilən 75 manat dövlət rüsumu cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 700.1. maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-9/10040/2025 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “X9” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (7-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Hyundai Elantra” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilmə hissəsinin qiyməti-2985 manat, təmir-bərpa işlərinin qiyməti-1050 manat olmaqla, ümumilikdə 4035 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 4035 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Bundan əlavə iddiaçı qurumun direktoru izahatında qeyd etdiyi kimi X3 tərəfindən onlara 1000 manat məbləğində pul ödənilmişdir. İddiaçıya ödənilən həmin 1000 manat məbləği çıxılmaqla, 3035 manat məbləğində pul məbləği Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməlidir. İddia tələbində eyni zamanda cavabdehdən icarəçinin qəzası səbəbindən avtomobilin istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizini, həmçinin də əldən çıxmış faydaya görə də kompensasiya şəklində 2160 manat tutularaq iddiaçıya ödənilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tələblə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 1413 nömrəli nəqliyyat vasitəsinin icarə, idarə müqaviləsinin şərtləri və vəzifələrinin 1-ci maddəsinin 1.4.16-cı bəndinə əsasən avtomobil, icarəçinin qəzası səbəbindən istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizi, həmçinin də əldən çıxmış faydaya görə də kompensasiya şəklində icarəyə verənə ödəməlidir. Göründüyü kimi icarəçinin qəzası səbəbindən avtomobilin istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi müqavilə şərtlərinə uyğundur. Ona görə də yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2024-cü il tarixindən avtomobilin təmir edilib iddiaçıya təhvil verildiyi günədək 54 gün vaxt keçdiyindən icarəçinin qəzası səbəbindən avtomobilin istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizi sadə riyazi üsulla hesablanaraq (60 icarə haqqı x 60 : 100% = 36 manat ; 36x54 gün=1944) 1944 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. İddianın əldən çıxmış faydaya görə də kompensasiya şəklində pul məbləğinin iddiaçıya verilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və necə hesablandığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 3035 (üç min otuz beş) manat və avtomobilin istifadədən qaldığı hər gün üçün günlük icarə haqqının 60 faizi, yəni 1944 (min doqquz yüz qırx dörd) manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə verilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar