Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3596/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3850 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 58,50 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə gözəllik salonunda tanış olmuşdur. Daha sonra onunla Cavabdeh arasında 06 avqust 2022-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 8000 manat məbləğində pulu borc verməyi, cavabdeh isə 8000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixinədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh bugünə kimi 8000 manat məbləğində pulun müəyyən hissəsini, yəni 4150 manatını hissə-hissə qaytarmışdır. Sonuncu dəfə ödənişi 29 fevral 2024-cü il tarixdə 20 manat məbləğində həyata keçirmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, razılaşdırılmış tarixdən bu qədər müddət keçməsinə baxmayaraq borcu tam qaytarmamışdır. Bununla bağlı o, dəfələrlə müraciət edərək borcun geri qaytarılmasını tələb etsə də Cavabdeh müxtəlif bəhanələr gətirərək borcun qalan hissəsini ödəməmişdir. Hətta cavabdeh tərəfindən borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Nəticədə ona 3850 manat məbləğində ziyan dəymişdir. Qeyd edir ki, onun maddi vəziyyəti ağırdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həm psixoloji olaraq, həm də maddi cəhətdən zərər dəymişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 06 avqust 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc alana) 8000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh (borc alan) isə krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 8000 manat məbləğində borc verməsi iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan tərəflər arasında bağlanmış və 06 avqust 2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə tam təsdiq olunur. Notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, cavabdeh almış olduğu pul vəsaitini 10 ay müddətində, yəni 06 iyun 2023-cü il tarixə qədər ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu indiyədək qaytarmamışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında faktiki olaraq öhdəlik,borc münasibətləri yaranmış və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 448.1-ci və739.1-ci maddələri təşkil edir. Belə ki, Cavabdeh İddiaçı aldığı 8000 manat pulu qaytarmaq öhdəliyi daşımış, lakin cavabdeh öhdəliyini qismən icra edərək borcun 4150 manat məbləğində hissəsini ödəmiş, qalan 3850 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 3850 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 58,50 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3850 manat borc və 58,50 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3596/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3596/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver