Məhkəmə qərarları › İş №2(012)-3615/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3615/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3615/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş 5640 (beş min altı yüz qırx) manat maddi zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi işlədiyi dövr ərzində (2019-cu ilin yanvar ayında 300 manat, fevral ayında 545 manat, mart ayında 540 manat, aprel ayında 505 manat, may ayında 590 manat, iyun 455 manat, iyul ayında 625 manat, avqust ayında 370 manat, sentyabr ayında 180 manat, oktyabr ayında 105 manat, noyabr ayında 250 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 375 manat, fevral ayında 220 manat, mart ayinda isə 385 manat olmaqla cəmi: 5640) mütamadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 1 il, 3 ay ərzində iddiaçıya ümumilikdə 5640 (beş min altı yüz qırx) manat məbləğində zərər vurmuşdur. Cavabdehlə dəfələrlə söhbətlər aparılaraq göstərilən məbləğlərdə pulu ödəmək təklif olunsa da, cavabdeh vurduğu ziyanı hissə-hissə ödəyəcəyinə söz versədə bu günədək heç bir ödəniş etməmişdir. Bu barədə axırıncı dəfə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubla müraciət edilərək 10 gün müddətində zərərin ödənilməsi tələb olundsa da cavabbdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, İddiaçı MMC-də 2007-ci ildən işiədiyi halda, iddia ərizəsində işlədiyi müddət 2019-cu ilin yanvar ayından göstərilmişdir. Qeyd edilmiş 5640 (beş min altı yüz qırx) manat borc əsassızdır, heç bir sənədlərə əsaslanmır. Ümumi fikirlər əsasında yazılmışdır. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, guya onunla “dəfələrlə söhbətlər” aparılmışdır. Söhbətlərin bu formada aparılması sənədlərdə fərdi qaydada aparılmalıdır, aparılmış söhbətlər havada yox müvafiq sənədlərdə qeyd edilməli olan halda cavabdeh hansı aparılmış söhbətləri qeyd edir. Cavabdeh iddia ərizəsində onun yaşadığı ünvanına borcla bağlı pretenziya qaydasında rəsmi məktub ünvanladığını qeyd etsə də ona heç bir məktub gəlməmişdir. Onlar gündəlik plan verirlər ki, bunun da məbləğini rəhbərlik özü müəyyən edir. Plan hava şəraitinə və fəsilə görə dəyişir ki, həmin planı ödəməsələr onlar heç bir qazanc əldə etmirlər. MMC tərəfindən rəsmi olaraq onlara yazılan əmək haqqı ödənilməmiş, plan ödənildikdən sonra qalan vəsait onların qazancları olmuşdur. Belə ki, plan ödənilməsə onların heç bir qazanc əldə etmədən işləməsi anlamına gəlir ki, belə olan halda 13 ildə necə dolana bilərdilər. İddiaçının iddia ərizəsində göstərdikləri cəfəngiyyatdır, o, gündəlik planı tam vermiş, İddiaçı MMC-yə heç bir ziyan vurmamışdır. Maaş kartları özlərinə verilməmiş, pandemiya zamanı isə əmək haqqı kartlarını tələb etdikdə 7 nəfər işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Müfəttişliyinə şikayət etdiklərini öyrəndikdən sonra iddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-də avtobus sürücüsü vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 160 manatdır. -İddiaçı» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 845 nömrəli maliyyə arayışından görünür ki, "İddiaçı" MMC-də işlədiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövr ərzində təyin olunmuş gündəlik planı mütəmadi olaraq kəsirlə verməsi səbəbindən, Cavabdeh "İddiaçı" MMC-yə ümumilikdə 5640 (beş min altı yüz qırx) manat borcu yaranmışdır (maddi ziyan vurmuşdur), o cümlədən: 2019-cu il üzrə 4660 manat (yanvar-300; fevral- 545; mart- 540; aprel- 505; may - 590; iyun-455; iyul-625; avqust-370; sentyabr-180; oktyabr-105; noyabr- 250; dekabr- 195), 2020-ci il üzrə 980 manat (yanvar - 375; fevral-220; mart -385). -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarxdə bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, Cavabdeh İddiaçı MMC-yə sürücü vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 125 manat təşkil edir. -xx.xx.2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh əmək müqaviləsindən irəli gələn bir sıra vəzifələri yerinə yetirməyi öz üzərinə götürmüşdür. -Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Forma №5K ödəniş cədvəllərindən görünür ki, Cavabdeh 2019-cu il üçün 02-30 yanvar-300; 01-27 fevral- 545; 01-31 mart- 540; 02-30 aprel- 505; 02-30 may - 590; 01-29 iyun-455; 01-29 iyul-625; 02-30 avqust- 370; 01-29 sentyabr-180; 03-29 oktyabr-105; 02-30 noyabr- 250; 02-30 dekabr- 195, 2020-ci il üçün 01-31 yanvar - 375; 02-28 fevral-220; 01-27 mart -385, ümumilikdə 5640 manat borcu yaranmışdır. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 775 nömrəli məktubdan görünür ki, ona müəssisəyə vurulmuş 5640 (beş min altı yüz qırx) manat maddi zərəri 10 gün müddətinə ödəməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi işlədiyi dövr ərzində (2019-cu ilin yanvar ayında 300 manat, fevral ayında 545 manat, mart ayında 540 manat, aprel ayında 505 manat, may ayında 590 manat, iyun 455 manat, iyul ayında 625 manat, avqust ayında 370 manat, sentyabr ayında 180 manat, oktyabr ayında 105 manat, noyabr ayında 250 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 375 manat, fevral ayında 220 manat, mart ayinda isə 385 manat olmaqla cəmi: 5640) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 1 il, 3 ay ərzində iddiaçıya ümumilikdə 5640 (beş min altı yüz qırx) manat məbləğində zərər vurmuşdur. Cavabdehlə pulu ödəmək təklif olunsa da, cavabdeh vurduğu ziyanı hissə-hissə ödəyəcəyinə söz versə də heç bir ödəniş etməmişdir. Bu barədə axırıncı dəfə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubla müraciət edilərək 10 gün müddətində zərərin ödənilməsi tələb olunsa da cavabdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. Bu səbəbdən İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş 5640 (beş min altı yüz qırx) manat maddi zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən edildiyi kimi cavabdeh iddiaçı ilə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq sürücü vəzifələrdə işləmiş və vəzifəsində işləyərkən əmək intizamı xətasına yol verərək İddiaçı MMC-nə 5640 (beş min altı yüz qırx) manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi a) vəzifə təyinatına müvafiq əmək funksiyalarını yerinə yetirmək. b) müdriyyət tərəfindən təyin olunmuş gündəlik plan toplayaraq xəzinədara təhvil verilməsinə görə tam maddi məsuliyyət daşımaq, sərnişinlərə mədəni xidmət göstərmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən işçi Cavabdeh əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh əmək müqaviləsinin 3.1-ci maddəsində göstərilən öhdəliklərə və tam maddi məsuliyyət haqqında müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Cavabdehin iddiaçıya maddi zərər vurması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş Forma № 5K cədvəlində sürücünün gündəlik sürücülük fəaliyyətindən gələn gəlirin (planın) təhvil verilməsi ilə öz təsdiqini tapır. Belə ki, həmin cədvəllərdən görünür ki, sürücü Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək günlərin əksəriyyətində gündəlik göstərilən plan məbləğini kəsirlə təhvil vermişdir. Kəsrlə verilmiş məbləğ hesablanarkən vurulmuş ziyanın məbləğinin cəmi 5640 (beş min altı yüz qırx) manat olduğu müəyyən edilir. Bu məbləğ iddiaçının məhkəməyə verdiyi maliyyə arayışı ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı MMC -yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Beləliklə məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarları məcmu halında qiymətləndirib, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi zərərə görə 5640 (beş min altı yüz qırx) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəməyə iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməli, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 5640 (beş min altı yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar