Məhkəmə qərarları › İş №2(012)-3621/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3621/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3621/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 1.141,60 manat ödənilməmiş hissə, 261,40 manat dəbbə pulu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1.050 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu, ümumilikdə 2.766 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17.02.2020-ci il və 29.02.2020-ci il tarixli müqavilələrə əsasən LG LED televizor və Samsung markalı paltaryuyan almış və nəticədə 2.766 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 17.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.209,60 manat olan LG LED televizor üçün 1.141,60 manat ödənilməmiş hissə, 261,40 manat dəbbə olmaqla, cəmi 1.403 manat borcu yaranmışdır. 29.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.050 manat olan Samsung markalı paltaryuyan üçün 1.050 manat ödənilməmiş hissə, 313 manat dəbbə pulu olmaqla, cəmi 1.363 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 68 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 17.02.2020-ci il tarixli, 20109542 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən LG LED televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.02.2020-ci il tarixli, 20134470 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung paltaryuyanı qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 17.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 1.141,60 manat ödənilməmiş hissə və 261,40 manat dəbbə olmaqla, ümumilikdə 1.403 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 29.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1.050 manat ödənilməmiş hissə və 313 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.363 manat borcu vardır. İş materiallarında olan 20.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 17.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 261,40 manat dəbbənin məbləği azaldılmalı, 26 manat müəyyən edilməli, 29.02.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 313 manat dəbbənin məbləği azaldılmalı, 31 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 17.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 1.141,60 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan üçün 1.050 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.248,60 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED televizor üçün 1.141,60 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu, 29.02.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 1.050 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.248,60 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar