Məhkəmə qərarları › İş №2(012)-3642/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3642/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3642/2022 05.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Nahid Hüseynzadə adlı yaxın tanışlarından biri dostu Cavabdeh maddi cəhətdən vəziyyəti ağır olduğundan ona borc pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən də, həmin şəxs iddiaçıdan 9000 manat borc pul verməsini xahiş etmişdir. İddiaçı əvvəlcə razılaşmasa da, Nahid Hüseynzadə bir neçə dəfə bu barədə iddiaçıya müraciət etdikdən sonra və iddiaçı da həmin adamı tanıdığı üçün razılaşmalı olmuşdur. İddiaçı Nahid Hüseynzadənin və Mikayıl Əliyevin iştirakı ilə Cavabdeh 9000 manat borc pul vermiş, cavabdeh isə həmin pulu bir ay ərzində geri qaytaracağını bildirsə də, sonradan müxtəlif bəhanələrlə həmin müddəti uzatmışdır. İddiaçı cavabdehin onu aldatdığını, pulu qaytarmayacağını görüb xx.xx.2021-ci il tarixdə cavabdehlə kredit müqaviləsi bağlamaq təklifini irəli sürmüş, nəticədə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh təkrarən kredit müqaviləsi bağlanmasına baxmayaraq 9000 manat pulu tezliklə qaytaracağı vədini vermiş, lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır. İddiaçı zəng edərək pulu qaytarmasını tələb etdikdə cavabdeh yenidən müxtəlif bəhanələr gətirmiş, sonradan isə ümumiyyətlə telefonu açmamışdır. İddiaçı bir ana kimi, himayəsində azyaşlı övladı var, bu səbəbdən də, maddi cəhətdən vəziyyəti ağırdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında Cavabdeh borc aldığını etiraf etsə də, həmin tarixdən hazırki müddətə qədər borcundan hər hansı bir məbləğdə ödəniş etməmişdir. Bu səbəbdən də, iddiaçının ailə, maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, vəkili Vəkil izahatı ilə eyni məzmunlu izahat vermiş və eyni zamanda, bildirmişdir ki, cavabdeh ilk dörd ay ödəniş etmişdir. 200 manat, 300 manat olmaqla təxminən 2000 manata yaxın ödəniş etmişdir. Lakin cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən, cavabdehin 1150 manat ödəniş etdiyini, qalan 7850 manat borcunun qaldığını qəbul edir. Cavabdeh ödəniş etməkdən yayınır və müxtəlif bəhanələr irəli sürür, həmçinin, cavabdeh anasının xəstə olduğunu qeyd etsə də, bu, həqiqətə uyğun deyildir. Belə ki, onun da himayəsində sağlamlıq problemi olan xəstə uşağı vardır ki, uşağın müalicəsi üçün maddi cəhətdən pula ehtiyacı vardır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı olan borcu qəbul edir. xx.xx.2021-ci il tarixdə iddiaçı ona etibarnamə ilə “Toyota Prius” markalı avtomobili günə 25 manat ödənilmək şərtilə vermişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Mirzə Uluqbəyov küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində o, qəza keçirmişdir. Qəza hadisəsi baş verəndən sonra avtomobilin xərci çox olmuşdur. O, iddiaçı ilə borc müqaviləsinin bağlanması barədə razılığa gəlmişdir. Belə ki, iddiaçı iddia ərizəsində borc müqaviləsi bağlamağı təklif etdiyini qeyd etsə də, bu, həqiqətə uyğun deyildir. Belə ki, həmin müqaviləni bağlamağı məhz o, özü təklif etmişdir. 12300 manata avtomobil alınmış, hadisə baş verəndən sonra avtomobilin xərcinin ödənilməsində, notariusda borc müqaviləsinin bağlanması, maşının sənədlərinin DYPİ-dən götürülməsi üçün iddiaçı ona əlavə maddi yardım göstərmiş, 400 manat da daxil olmaqla ümumilikdə 13000 manat hesablanmışdır. İddiaçı avtomobili 4000 manata satmışdır. Qalan 9000 manat pulun ödənilməsi üçün o, özü iddiaçıya müqavilə bağlamağı təklif etmişdir. İlk 4 ay o, pulu ödəmiş, lakin anasının xəstəliyi, himayəsində iki azyaşlı uşağının olması, maddi imkansızlığı səbəbindən ödənişlərini edə bilməmişdir. O, borcun ödənilməsindən qəti şəkildə yayınmır, bu səbəbdən də, pulun ödənilməsini təmin edəcəkdir. Əvvəlki məhkəmə iclasından keçən iki ay müddətində ödəniş edəcəyi vədini versə də, ödəniş edə bilməmişdir. O, iddiaçıya 2000 manata yaxın deyil, 1150 manat ödəniş etmişdir. 2 dəfə 300 manatlıq, 1 dəfə isə 250 manat ödəniş etmiş, ilk ayın ödəniş qəbzini itirdiyindən həmin qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Lakin bununla belə, iddiaçı onun ilk dörd ay ödəniş etdiyini qəbul etmişdir. İddiaçıya olan borcundan 1150 manat ödəniş etdiyindən, qalan 7850 manat borcun ödənilməsi hissəsində iddia ərizəsi ilə razılaşır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən borc alana 9000 manat pulu borc verməyi, borc alan isə krediti xx.xx.2023-cü tarixədək hər ay 300 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. -Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcundan xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 300 manat ödəniş etmişdir. -Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Bibi-Heybət qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi N.Quliyev küçəsi 10 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əzimov X1 rayonu Xırdalan şəhəri 30cu məhəllə 11 saylı evin 37 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixədək qaytarılmaq, hər ay 300 manat ödənilmək şərtilə 9000 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçının kredit borcunu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2021-ci il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan borcverən İddiaçı və borc alan Cavabdeh tərəfindən şəxsən imzalanmış, müqavilə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu İ.A.Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixdə 3M-1620 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır. Mülki Məcəllənin: 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 9000 manat borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuş, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla da iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqaviləsini mübahisələndirməmiş, kredit müqaviləsi qüvvədədir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, tərəflərin izahatı əsasında cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə verilmiş 9000 manat borc məbləğindən 1150 manat ödənişin edilməsi, 7850 manat borcunun qalması öz təsdiqini tapmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, cavabdehin iddia ərizəsini qismən, yəni 7850 manat borcun ödənilməsi barədə etiraf ərizəsini, həmçinin, iddiaçının iddia tələbini 7850 manat borcun tutulması hissəsində müdafiə etməsini nəzərdən keçirib belə hesab edir ki, cavabdehin etiraf ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, qanunamüvafiq hesab edildiyindən qəbul edilməlidir. Ona görə də iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 7850 manat pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7850 (yeddi min səkkiz yüz əlli) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar