Məhkəmə qərarları › İş №2(012)-3646/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3646/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3646/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh internetdən təmir-tikinti işlərini görən şəxs kimi tanımışdır. Ona məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 11 ünvanında yerləşən mənzilini əsaslı təmir etmək üçün cavabdehə müraciət etmiş, evə baxış keçirən zaman 13000 manata evi tam olaraq təmir edib təhvil verəcəyini bildirmişdir. O, ilkin olaraq 03 may 2023-cü il tarixdə cavabdehə 2000 manat pul vermişdir. 04 may 2023-cü il tarixdə 2000 manat, 05 may 2023-cü il tarixdə 2000 manat və 05 may 2023-cü il tarixdə 1000 manat olmaqla 4 gün ərzində 7000 manat pul ödəmişdir. .Cavabdehin deməsinə görə həmin pula ev üçün qapılar, hamam aksessuarları və digər tikinti materialı almışdır. Cavabdeh alacağı tikinti materiallarının şəkillərini “Whatsapp" sosial şəbəkədə ona göndərmiş və o da seçim edib cavab yazmışdır. Bu minvalla hissə-hissə olaraq 16 iyun 2023-cü il tarixədək 6000 manat da əlavə olaraq pul vermişdir. Ümumilikdə cəmi olaraq cavabdeh ondan 13000 manat pul almışdır. Dəfələrlə şifahi formada müraciətlər və xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrdən istifadə edərək pulu qaytarmamışdır. O, yaranmış vəziyyətlə əlaqədar polis orqanına müraciət edərək cavabdeh tərəfindən pulun qaytarılmasına dair onun barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizəsi müvafiq olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Aparılan əlavə araşdırma zamanı İddiaçı evini təmir etmiş Cavabdeh şəxsiyyəti müəyyənləşdirilərək izahatının alınması üçün tapşırıq verilmiş, lakin araşdırma müddətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşdə olan “Whatsapp" şəbəkəsindəki yazışmalardan görünür ki, tərəflər podrat münasibətləri ilə bağlı öz aralarında yazışmışlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında podrat münasibətləri olmuş və cavabdeh bəzi təmir işlərinin görülməsi üçün iddiaçıdan cəmi 13000 manat pul almışdır. Hazırda iddiaçı bildirir ki, cavabdeh öhdəliyinə əməl etməmiş və onun mənzilində təmir işlərini görməmiş, bununla belə, o, verilmiş puldan 10000 manatını qaytarmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753-cü maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 754-cü maddəsinə görə əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Həmin Məcəllənin 759-cu maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İş materiallarından görünür ki, şifahi podrat müqaviləsində nəzərdə tutulmuş xidmətlər podratçı tərəfindən icra edilməmişdir. Sifarişçi iddia edir ki, podratçı öz işini görmədiyindən bu xidmətlərə görə ona ödənilmiş 10000 manat geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı Cavabdeh ondan təmir işlərinə görə 10000 manat pul almasını və işləri yekunlaşdırmadığından ona borclu qalmasını təsdiq edən sübutları (“Whatsapp" şəbəkəsindəki yazışmalar) təqdim etmişdir. Belə olan halda isə mübahisəyə bu baxımdan qiymət verən məhkəmə iddianın əsaslı olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi kimi 120 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar