Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-365/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı2, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsi tərəfindən inşa edilmiş hasarın sökülməsinə görə 1636,66 manat məbləğində dəymiş ziyanın və dövlət rüsumu kimi ödədiyi 37 manat pulun ümumilikdə 1673,66 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsindən tərəfindən inşa edilmiş hasarın sökülməsinə görə 1636,66 manat məbləğində dəymiş maddi ziyanın qiymətləndirmə rəyinin verilməsi ilə bağlı "xxxx" Qiymətləndirmə Şirkətinə ödədiyi 200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 37 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1873,66 manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4418/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(012)-4418/2024 saylı mülki iş, İddiaçı1 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi 2(012)-4416/2024 saylı mülki işlə birləşdirilmiş, mülki işlər bir İcraatda birləşdirildiyindən 2(012)-4418/2024 saylı mülki işin icraatına xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4416/2024 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(012)-4416/2024 saylı mülki iş üzrə icraat, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qərar qəbul edilənədək dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-365/2025 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində mənə 0.08 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması məqsədi ilə bələdiyyə hesabına İddiaçı1 tərəfindən vəsait ödənilmişdir. Bundan başqa iddiaçıya ayrılan torpaq sahəsi boyunca daş hasar çəkilmiş, bu tikinti işləri iddiaçının vəsaiti hesabına aparılmışdır. Lakin cavabdeh qurumun nümayəndələri məhkəmə qərarı olmadan qeyd olunan daş hasarı sökmüş və xeyli maddi ziyan vurmuşlar. İddiaçı həmin hasarın sökülməsi nəticəsində dəymiş ziyanın hesablanmsı məqsədi ilə qiymətləndiriciyə müraciət etmiş və "xxxx" Qiymətləndirmə şirkətinin nümayəndələri tərəfindən bu əraziyə baxış keçirilmiş və hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyan 1636,66 manat məbləğində qiymətləndirilmişdir. Həmin ziyan aktının tərtibi ilə bağlı iddiaçı bu şirkətin hesabına 200 manat məbləğində vəsait ödəmişdir. Onu da qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-195/2019 saylı qərarı ilə bələdiyyənin bu torpaq sahəsinin iddiaçıya ayrılması barədə xx.xx.2007-ci il tarixli qərarı da ləğv olunmuşdur. Lakin cavabdeh bu barədə iddiaçıya bildirməmiş, yalnız hazırda cavabdeh orqanın bu torpaq sahəsini iddiaçıya qanunsuz satması məlum olmuşdur. Həmin torpaq sahəsi satılarkən iddiaçı cavabdeh orqanın hesabına 800 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh orqanın təqsiri üzündən iddiaçıya böyük məbləğdə dəymiş maddi ziyan və tərəfindən ödənilmiş rüsumlar (dəymiş ziyan 1636,66 manat, qiymətləndirməyə görə şirkətə ödədiyim 200 manat və 37 manat dövlət rüsumu) cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə o, izahatına əlavə olaraq bildirir ki, bələdiyyə işçiləri tərəfindən həmin hasar dağıdıldıqdan sonra bələdiyyə işçiləri ona başqa ərazidə torpaq verəcəklərini, bunun müqabilində isə onun şikayət etməməyini bildirmişlər. Bələdiyyə işçiləri buradakı hasar sökən zaman qalan daşları, onların dediyi əraziyə apararaq yenidən hasar tikmişlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı1 nümayəndəsi Nümayəndə izahatına uyğun izahat vermişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı1 və İddiaçı2 tanıyır. Belə ki, o, usta işləyərkən hərəsinə 8 sot olmaqla, ümumilikdə 24 sot torpaqda İddiaçı1, İddiaçı2 və X3 aid torpaq sahələrini 7 daşdan ibarət tikili ilə hasarlamışdır. Lakin sonradan bələdiyyə və polislər həmin tikilini dağıtmışlar. O, həmin bələdiyyə işçilərini tanıyır. Məhkəmədə şahid qismində ifadəsi alınmış X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı1 və İddiaçı2 ilə qonşudur. Belə ki, o, İddiaçı1 və İddiaçı2 məxsus yanbayan olan torpaq sahələri yerləşən ərazidə hasarın tikintisində usta olaraq işləmişdir. Lakin həmin hasarın bələdiyyə işçiləri tərəfindən söküldüyünü eşitmişdir. Hazırda həmin ərazidə hasar tamamilə dağıdılmışdır. Cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarından görünür ki, İddia təmin edilsin. Abşeron rayon Qobu Bələdiyyəsinin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran X2, İddiaçı2 və İddiaçı1 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarları ləğv edilsin. -Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-106/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarının ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: 5.1. bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının İV bəndinə əsasən, Azərbaycan Respublikasının bələdiyyələri-inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 2.2.7-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Belə ki, məhkəmədə iş materiallarının ümumiləşdirilmiş tədqiqi nəticəsində müəyyən edilmişdir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarının İV bəndinə görə Azərbaycan Respublikasının bələdiyyələri-inzibati orqandır. Eyni zamanda məhkəmə qeyd edir ki, AR İnzibati Prosessual Məcəllənin müvafiq maddəsindən göründüyü kimi, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tələbdən də göründüyü kimi əmlak tələbi inzibati orqan olan Bələdiyyə qarşıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından və inzibati məhkəmə icraatı qaydasında baxılmağı olduğundan, işə baxıla bilməz və hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, Mülki məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron Rayonu Qobu Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov