Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-366/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borcuna görə 3267 manat, faiz borcuna görə 460,62 manat, cərimə borcuna görə 2,89 manat olmaqla, cəmi 3730,51 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, illik 25 % dərəcəsi olmaqla 60 ay müddətinə 3267 manat məbləğində kredit limiti cavabdehə verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış cərimə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə 07.09.2021-ci il tarixinə kredit borcu 3267 manat, faiz borcuna görə 460,62 manat, cərimə borcuna görə 2,89 manat olmaqla, cəmi 3730,51 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, bankdan kredit götürmüş, lakin pandemiya ilə əlaqədar olaraq ödənişlərdə çətinlik yaranmışdır. İddiaçı "xxxx" ASC tərəfindən ona güzəşt ediləcəyi barədə sms gəlmişdir. O, banka gedərək, müvafiq sənədlərə imza çəkmişdir. Lakin evə qayıtdıqdan sonra bank tərəfindən aldadıldığını başa düşmüşdür. Belə ki, bank tərəfindən ona 1500 manat əlavə faiz borcu yazılmışdır. Prezidentin Fərmanına əsasən pandemiya şəraitində vətəndaşların kreditlərinə görə faiz hesablana bilməz. Ona hesablanan faiz borcları silinərsə, ödəniş edə bilər. O, banka ödənişlər etsə də, ödənişlər faizə çıxılmışdır. Hazırda o, pensiyaya çıxmışdır. Odur ki, o, banka aya 100 manat ödəniş edə bilər. İş materiallarında olan 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 25 % dərəcəsi olmaqla 60 ay müddətinə 3267 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə 20 sentyabr 2021-ci il tarixə Cavabdeh 3267 manat əsas borc, 460,62 manat faiz borcu, 2,89 manat cərimə pulu olmaqla ümumilikdə 3730,51 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 06.08.2020-ci il tarixli, 1764nkSUM/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, 3267 manat əsas borc, 460,62 manat faiz borcu, 2,89 manat cərimə borcu olmaqla, cəmi 3730,51 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-366/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-366/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver