Məhkəmə qərarları › İş №2(012)-366/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-366/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-366/2025 30.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinin vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən inşa edilmiş daş hasarın sökülməsinə görə 1636,66 manat məbləğində dəymiş ziyan və dövlət rüsumu kimi ödənilmiş 37 manat olmaqla, ümumilikdə 1673,66 manat məbləğində pulun cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli 01 saylı qərarına əsasən Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində ona 0,08 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması məqsədi ilə bələdiyyə hesabına onun tərəfindən vəsait ödənilmişdir. Bundan başqa ona ayrılan torpaq sahəsi boyunca daş hasar çəkilmiş, bu tikinti işləri onun vəsaiti hesabına aparılmışdır. Lakin cavabdeh qurumun nümayəndələri məhkəmə qərarı olmadan onlardan xəbərsiz qeyd olunan daş hasarı sökmüş və ona maddi ziyan vurmuşlar. Hasarın sökülməsi nəticəsində ona dəymiş maddi ziyan 1636,66 manat məbləğindədir. Onu da qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 saylı qərarı ilə bələdiyyənin bu torpaq sahəsinin ona ayrılması barədə xx.xx.2007-ci il tarixli qərarı da ləğv olunmuşdur. Lakin cavabdeh bu barədə ona bildirməmiş, yalnız hazırda cavabdeh orqanın bu torpaq sahəsini ona qanunsuz satması məlum olmuşdur. Bildirir ki, ona məxsus olmuş torpaq sahəsində tikdirdiyi daş hasar bələdiyyə tərəfindən söküldükdən sonra onlara başqa ərazidə yerləşən torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsi sənədsiz olduğu üçün onlar torpaq sahəsini qəbul etməkdən imtina etmişlər. Əlavə olaraq bildirir ki, sözügedən daş hasar 2015-ci ildə tikilmiş, 2022-ci ildə isə cavabdeh təşkilat tərəfindən sökülmüşdür. Hətta cavabdeh sökülən daş hasarın daşlarını da götürmüşdür. Torpaq sahəsi satılarkən o, cavabdeh orqanın hesabına 80000 manat ödəniş etmişdir. Onun torpaq sahəsinə görə vaxtilə cavabdeh orqana ödədiyi məbləğ cavabdeh tərəfindən hələ də ona qaytarılmamışdır. Göründüyü kimi cavabdeh orqanın təqsiri üzündən ona böyük məbləğdə dəymiş maddi ziyan və tərəfindən ödənilmiş rüsumlar, yəni dəymiş ziyana görə 1636,66 manat və 37 manat dövlət rüsumu cavabdehdən tutularaq ona qaytarılmalıdır. Odur ki, qeyd edilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinin vəkilinümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı torpaq sahəsi verildiyi vaxt da daxil olmaqla 2016-cı ilə qədər Ənvər Əmiraslanov adlı şəxs Abşeron Rayon Qobu Bələdiyyəsinin sədri olmuş, daha sonra həmin şəxs barəsində cinayət işi başlanmışdır. Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi barədə qəbul edilmiş qərarın ləğv olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, İddiaçı tərəfindən təqdim olunmuş şəkillər həqiqi deyildir, belə ki, şəkillərdə göstərilən yer, ümumiyyətlə, mövcud deyildir. Həmçinin iddiaçı vaxtilə ona məxsus olmuş torpaq sahəsində tikdirdiyi daş hasarın Abşeron Rayon Qobu Bələdiyyəsi tərəfindən söküldüyünü bildirsə də əslində onlar bələdiyyə olaraq heç bir söküntü işində iştirak etməmişlər. Onda olan şifahi məlumata görə adıçəkilən torpaq sahəsi hər hansı MMC-yə təhvil verilmiş və torpaq sahəsində tikilmiş daş hasar həmin MMC tərəfindən sökülmüşdür. İddiaçının daş hasar söküldükdən sonra daşları götürməsi barədə dedikləri həqiqəti əks etdirmir. Bələdiyyə vaxtilə İddiaçı dağın ətəyində torpaq sahəsi vermiş, hətta daşların həmin torpaq sahəsinə aparılmasında köməklik etmişdir. Lakin sonra İddiaçı bələdiyyə tərəfindən təklif olunmuş torpaq sahəsini bəyənmədiyindən həmin ərazini qəbul etməkdən imtina etmişdir. Buna görə də iddiaçı ilə keçmiş bələdiyyə sədri arasında mübahisə yaranmışdır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Qobu Bələdiyyə Şurasının 10 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, İddiaçı Mamed (Məmməd) qızına fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı cavabdehin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı Mamed qızına, X1 və X3 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması barədə iddiası təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı Mamed qızına, X1 və X3 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarlarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunivericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahatında Azərbaycan Respublikası Abşeron Rayonu Qobu Bələdiyyə Şurasının 10 yanvar 2007-ci il tarixli, 01 nömrəli qərarına əsasən vaxtilə ona ayrılmış Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi nəticəsində 1636,66 manat məbləğində dəymiş zərərin Abşeron rayonu, Qobu Bələdiyyəsindən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin məhkəmədə sübutların tədqiqatı zamanı özünün izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanUnivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi nəticəsində 1636,66 manat məbləğində dəymiş zərərin Abşeron rayonu, Qobu Bələdiyyəsindən tutularaq ona ödənilməsi tələbinə dair iddiaçının izahatı digər sübutlarla təsdiqini tapmadığından həmin izahata tənqidi yanaşılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsinə qarşı onun tərəfindən inşa edilmiş daş hasarın sökülməsinə görə 1636,66 manat məbləğində dəymiş ziyan və dövlət rüsumu kimi ödənilmiş 37 manat olmaqla, ümumilikdə 1673,66 manat məbləğində pulun cavabdeh Abşeron Rayon Qobu Bələdiyyəsindən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar