Məhkəmə qərarları › İş №2(012)-3666/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3666/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3666/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 782 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 406-K saylı əmrlə satıcı-kassir, xx.xx.2018-ci il tarixli 173-saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-Müşfiqabad 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Vurulan zərərlə əlaqədar olaraq cavabdehin borc öhdəliyi 919 manat təşkil etmiş, müqavilə bağlandıqdan sonra 137 manat güzəşt edilmişdir. Faktiki qalıq borc 782 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozduğuna görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, məhkəmə xx xxxxxxxx 2020-ci il tarixində Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli 406-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə tərəflər arasında əmək müqaviləsi, eləcə də X1 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli 173-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh administrator vəzifəsinə təyin edilmiş və həmin tarixdə tərəflər arasında X1 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli 007-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh Baş satıcı vəzifəsinə təyin edilmiş və və həmin tarixdə tərəflər arasında X1 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli 509-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh əmək müqaviləsinə ö\ xahişi ilə xitam verilmişdir. Mülki işin materiallarından olan xx xxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 919 manat çatışmazlıq müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 137 manat güzəşt olunduqdan sonra 782 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1.ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2.ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğudan təmin edilməli, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 782 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğ Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC–yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 782 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğ Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar