Məhkəmə qərarları › İş №2(012)-3667/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3667/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3667/2020 23.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X1 nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 90.73 manat, cəmi 2120.58 (iki min yüz iyirmi manat,əlli səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 'FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0051 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 34% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin X5 hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi barədə razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 90.73 manat, cəmi 2120.58 (iki min yüz iyirmi manat, 58 qəpik) manat təşkil edir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “FİNCA Azerbaijan” MM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Buna görə də iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 90.73 manat, cəmi 2120.58 (iki min yüz iyirmi manat,əlli səkkiz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 34% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. O, əvvəllər vaxtaşırı ödənişlər etdiyini, sonra uşağının ağır xəstə olması səbəbindən ödənişlərini edə bilmədiyni, ona hesablanmış faiz və cərimə borcunun çox hesablandığını bildirərək, iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0051 saylı Kredit Müqaviləsindən görünür ki, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Cavabdeh2 oğluna 18 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən borcalan krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmağı öz öhdəsinə götürmüşdür. - X5 edilən ödəniş cədvəlinə əsasən borclu xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 146 manat (sonuncu ay 132.00 manat) olmaqla bərabər hissələrdə ödəniş etməlidir. -“FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0***-******* saylı Zaminlik Müqaviləsindən görünür ki, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Zaminlik müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. - “FİNCA Azerbaijan” MM QBKT tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, FİNCARD Kreditvermə qəbzindən görünür ki, Cavabdeh2 --“FİNCA Azerbaijan” MMQBKT-dan 2000 manat məbləğində pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. - xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 oğlunun “FİNCA Azerbaijan” MM QBKT-yə əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 90.73 manat, cəmi 2120.58 (iki min yüz iyirmi manat,əlli səkkiz qəpik) manat təşkil edir. -xx.xx.2010-cu il taixdə notarial qaydada təsdiq edilmiş, Məhdud Məsuliyyətli “FİNCA Azerbaijan” X1 Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 811 saylı xx.xx.1999-cu il tarixli şəhadətnaməsi ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 oğlu - ünvan 1 - ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 – ünvan 2 - ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh2 “FİNCA Azerbaijan” MM QBKT-dən tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borclu Cavabdeh2 oğlunun “FİNCA Azerbaijan” MM QBKT qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə Cavabdeh1 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azerbaijan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsində nəzərdə tutulur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı “FİNCA Azerbaijan” MM QBKT qarşısında, digər cavabdeh olan Cavabdeh2 oğlu ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərindən və maliyyə arayışından görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0051 saylı Kredit Müqaviləsi üzrə əsas borc 1655.00 manat, faiz borcu 374.85 manat, cərimə borcu 90.73 manat, cəmi borcu 2120.58 (iki min yüz iyirmi manat, 58 qəpik) manat məbləği təşkil edir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 ödəmələri vaxtında icra etməməsi onun üzərinə gecikdirilmiş əsas borc 1655.00 manat məbləğinə 90.73 manat məbləğində cərimə borcu hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2019-cu il tarixli, **********0051 saylı Kredit Müqaviləsi saylı Kredit Müqaviləsi üzrə 1655.00 manat məbləğində məbləğində əsas borc üzrə hesablanmış 90.73 manat məbləğində cərimənin azaldılaraq 5.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 oğlu iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişdir və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0051 saylı Kredit Müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 5.00 manat, cəmi 2034.85 (iki min otuz dörd manat, 85 qəpik) manat borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Dövlət X7 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olquqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib, qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0051 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1655.00 manat, faiz borcuna görə 374.85 manat, cərimə borcuna görə 5.00 manat, cəmi 2034.85 (iki min otuz dörd manat, səksən beş qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1655.00 (min altı yüz əlli beş) manat, faiz borcuna görə 374.85 (üç yüz yetmiş dörd manat səksən beş qəpik) manat, cərimə borcuna görə 5.00 (beş) manat, cəmi 2034.85 (iki min otuz dörd manat, səksən beş qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar