Məhkəmə qərarları › İş №2(012)-3671/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3671/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3671/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X18 Kazımovun sədrliyi, X21 oğlunun katibliyi, iddiaçı Cəfərova X19 nümayəndəsi, vəkil X8, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X14 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 21 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı almışdır. Mənzil Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquqi qeydiyyatdan keçirilərək 25 yanvar 2021-ci il tarixdə müvafiq olaraq İddiaçı adına çıxarış verilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən, cavabdehlər 2 ay müddətində yaşamaq üçün möhlət istəmiş və müqavilənin 11-ci bəndində əsasən, 21 mart 2021-ci il tarixədək evdən çıxacaqları barədə öhdəlik götürmüşlər. Lakin 4 aya yaxındır ki, cavabdehlər evdən çıxmamışlar. Hazırda da cavabdehlər həmin evdə yaşamaqda davam edir və çıxacaqları barədə vəd versələr də, bunu yerinə yetirməmişlər. Bununla da, bir mülkiyyətçi kimi iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlər fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Həmçinin, cavabdehlər alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən 21 fevral 2021-ci il tarixədək qeydiyyatdan çıxmaqları barədə öhdəlik götürmüşlər. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamış, onların formal pasport qeydiyyatı hələdə qalmaqdadır. İddiaçı həmin vaxtdan fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir. Halbuki, cavabdehlərin pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərdən görünür ki, cavabdehlər formal pasport qeydiyyatındadır və artıq bu ünvana olan hüquqlarını itirmişdir. İddiaçının xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz şəkildə istifadə etmək, əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Bu səbəbdən, cavabdehlərin yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və 15 oktyabr 2003-cü il təvəllüdlü X7, 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Cavabdeh1, Cavabdeh2, X5 və 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, evini təmir etdirmək üçün iddiaçının oğlu Elçindən bir nəfər şəxsin vasitəçiliyi ilə 15000 manat məbləğində borc pul götürmüşdür. Vasitəçi pulu ödəməkdən imtina etdiyindən o, çıxılmaz vəziyyətdə qalmış, aldadılmış və evi satmağa məcbur olmuşdur. Yəni, alqı-satqı müqaviləsi borc pulun müqabilində bağlanmışdır. O, notariat ofisində alqı-satqı müqaviləsinə imza etmişdir. Həmin müqavilədə evin qiyməti 65000 manat dəyərində göstərilsə də, həmin məbləğdə pulu deyil, 15000 manat almışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəylərini nəzərə alaraq, məhkəmə işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 25.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 05.05.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 və 29.01.2013-cü il təvəllüdlü X1 rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi, döngə 4, ev 73 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. ünvan 2 xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Satıcı”lar Cavabdeh1, (1/3 hissə, 28.4kv/m) X9 (1/3 hissə, 28.4kv/m) və X12 (1/3 hissə, 28.4kv/m) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 65000 manata “Alıcı” Cəfərova X3. Müqavilənin 11-ci bəndində əsasən “Satıcı”lar Cavabdeh1, X9 və X12 21 mart 2021-ci il tarixədək əmlakı “Alıcı” İddiaçı faktiki sahibliyə verməyi barədə öhdəlik götürmüşlər. Müqavilənin 13-cü bəndinə əsasən “Satıcı”lar Cavabdeh1, X9 və X12 21 fevral 2021ci il tarixədək qeydiyyatdan çıxmaları barədə öhdəlik götürmüşlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğu üçün cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması onların mənzildən istifadə hüquqlarının davam etməsinə gətirib çıxarmaqla, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda, bu qeydiyyat formal xarakter daşıyır. Bu baxımdan iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olundu ki, 21 yanvar 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1, X9 və X2 rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi, döngə 4, ev 73 ünvanında yerləşən fərdi yaşayış evini Cəfərova X4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışla həmin ev İddiaçı mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, X9 və X12 21 mart 2021-ci il tarixədək həmin fərdi yaşayış evini İddiaçı faktiki sahibliyə vermələri barədə öhdəlik götürmüş, lakin, müqavilənin şərtlərini pozaraq iddiaçının mülkiyyətində olan evdən çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, 15 oktyabr 2003-cü il təvəllüdlü X12 və 29 yanvar 2013-cü il təvəllüdlü X9 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X5, 15 oktyabr 2003-cü il təvəllüdlü X7 və 29 yanvar 2013cü il təvəllüdlü X6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, 15 oktyabr 2003-cü il təvəllüdlü X12 və 29 yanvar 2013-cü il təvəllüdlü X9 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar