Məhkəmə qərarları › İş №2(012)-3675/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3675/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3675/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Nissan Sunny” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyana görə 295 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 315 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş ziyana görə 200 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus olan “Nissan Sunny” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla o, 15 aprel 2021-ci il tarixdə, saat 20:10-da Sumqayıt şəhəri H.Əliyev prospekti ilə Ağa Quliyev küçəsi istiqamətində hərəkətdə olarkən yolun sağında dayanan “Mersedes Benz” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan şəxs qabaq sol qapını açmış və qapı onun idarə etdiyi avtomaşının sağ yan qapısına dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirinin olması özünün verdiyi izahatla və Sumqayıt şəhəri üzrə X9 Xidmətinin protokolu ilə təsdiq edilir. Cavabdeh İnzibati xəta haqqında AP № ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. Cavabdehin təqsiri üzündən mülkiyyətində olan avtomaşına 295 manat maddi zərər dəymişdir. Cavabdehin təqsiri üzündən idarə etdiyi avtomaşının sol qabaq qapısı əzilmişdir. Bunu X9nin 681 saylı arayışı təsdiq edir. Vurulan zərərə görə **-BU-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomaşını etibarnaməsiz idarə edən Cavabdeh təqsirkardır. Sığorta ödənişi məqsədilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi avtonəqliyyat vasitəsinin istismarı səbəbindən baş vermədiyinə görə sığorta ödənişindən imtina edilir. Dəfələrlə cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də qeyd edilənlərə əsasən iddiası ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş iddiaçı tərəfindən tələb olunan maddi ziyana görə 200 manat pul vəsaitinin tutulmasına dair iddia tələbini qəbul etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 21.04.2015-ci il tarixli AP 01922869 saylı protokolun surətindən görünür ki, 21.04.2015-ci il tarixdə saat 20:10 radələrində sürücü Əliyev X3 rayonu H.Əliyev prospekti 4 mkr bərabərliyində dayanma durma qaydasını pozub maşının sürücüsünə aid qabaq sol qapını açaraq sol tərəfdə hərəkət edən Nissan Sunny minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsini vurmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmiş, Mercedes Benz markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol qapısı, Nissan Sunny minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşının isə sağ güzgüsü əzilmişdir. - Sumqayıt şəhər Polis İdarəsi X9 şöbəsində Cavabdeh verdiyi 16.04.2021-ci il tarixli izahatdan görünür ki, etibarnamə ilə qardaşına məxsus olan Mersedes Benz markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomaşını 15.04.2021-ci il tarixdə Sumqayıt şəhər H.Əliyev prospektində idarə edən zaman 4-cü mkr bərabərliyində saat təxminən 20:05 radələrində avtomaşını yolun sağında saxlamış, qardaşı X5 avtomaşından düşüb kənarlaşmış, o, maşından sürücüyə aid qabaq sol qapını açmış, sol tərəfdən hərəkətdə olan Nissan Sunny minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ güzgüsü və sağ yan hissəsinə vurmuş, hadisəsi zamanı bədən xəsarəti alan olmamışdır. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, 15.04.2021ci il tarixli 2002 və 15.04.2021-ci il tarixli 2003 saylı aktlara əsasən Cavabdeh və İddiaçı alkoqol sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir. - AC № 893835 saylı 25.03.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2003-cü il buraxılışlı Nissan Sunny minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - AC № 993636 saylı 15.09.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı Mersedes Benz E270 CDİ minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. - 15.09.2017-ci il tarixli ƏN-İV № 250347 saylı etibarnamənin surətindən müəyyən olunur ki, X6 mülkiyyətində olan Mersedes Benz E270 CDİ minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.05.2024-cü il tarixədək idarə etməyi X4 etibar etmişdir. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 05.05.2021-ci il tarixli 06-05/0793 saylı məktubdan görünür ki, 15.04.2021-ci il tarixli sığorta ödənişinin verilməsinə dair ərizəyə baxılmış və sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, 15.04.2021-ci il tarixində Şirkətdə icbari qaydada sığortalı Mercedes Benz markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslar olmadan istifadə edən (etibarnaməsiz) Cavabdeh qapını açarkən İddiaçı idarə etdiyi Nissan Sunny markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı əldə edilmiş İnzibati xəta haqqında AP ******* saylı, 16.04.2021-ci il tarixli Protokola əsasən müəyyən edilmişdir ki, Əliyev X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmuş və o, 20 manat məbləğində cərimə olunmuşdur. Tərəflərin vermiş olduğu izahatlar əsasında müəyyən edilmişdir ki, Mercedes Benz ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz halda olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Qanunvericiliyin tələbinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi avtonəqliyyat vasitəsinin istismarı, yəni hərəkəti ilə bağlı olmadığından, həmçinin sığortalı və ya sığorta olunanın mülki məsuliyyəti yaranmadığından sığorta hadisəsi olaraq qəbul edilə bilməz. Bu səbəbdən də baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh tərəfindən iddiaçı tərəfindən idarə olunmuş nəqliyyat vasitəsinə maddi ziyan vurulması, vurulmuş maddi ziyana görə iddiaçı tərəfindən tələb olunan 200 manat pul vəsaitinin ödənilməsinin cavabdeh tərəfindən etiraf olunduğu və bu etirafın başqa şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirmədiyi məhkəmə tərəfindən təsdiq olunduğundan məhkəmə iddia tələbini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumundan ibarətdir. Qanunun tələbinə əsasən iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi zərərə görə 200 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi zərərə görə 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar