Məhkəmə qərarları › İş №2(012)-3686/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3686/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3686/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 14 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9650,04 manat əsas borc, 46,18 manat faiz borcu və 11,59 manat cərimə borcu olmaqla, cəmi 9707,81 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7899,67 manat əsas borc, 180,78 manat faiz borcu və 17,7 manat cərimə borcu olmaqla, cəmi 8098,15 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 25 % ödəmək şərtiylə 10000 manat məbləğində kredit verilmişdir. 06 avqust 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 06 avqust 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 20 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, borclunun bank qarşısında kredit borcu üçün Cavabdeh2 ona zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etdiklərini bildirdilər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 20 fevral 2020-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 10 000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 20 fevral 2020-ci il tarixli kredit müqaviləsinə 04 may 2020ci il tarixli 1 saylı əlavə sazişdən müəyyən edilir ki, 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti 06 avqust 2022-ci il tarixədək uzadılır. Mülki işin materiallarında olan 20 fevral 2020-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliyinin tamamilə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür və zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan 05.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 İddiaçı ASC-yə 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 05.05.2021-ci il tarixinə olan borcu 9650,04 manat əsas borc, 46,18 manat faiz borcu və 11,59 manat cərimə borcu olmaqla, cəmi 9707,81 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Eləcə də, zamin Cavabdeh2 da, borclu Cavabdeh1 20 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün üzərinə müqavilə ilə məsuliyyət götürdüyündən, bank qarşısında onunla birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 7899,67 manat əsas borc, 180,78 manat faiz borcu və 17,7 manat cərimə borcu olmaqla, cəmi 8098,15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7899,67 manat əsas borc, 180,78 manat faiz borcu və 17,7 manat cərimə borcu olmaqla, cəmi 8098,15 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar