Məhkəmə qərarları › İş №2(012)-3694/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3694/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3694/2021 24.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki işə 24 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1330,80 manat əsas borc, 302,22 manat faiz borcu, 252,07 manat cərimə və kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1913,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh1 18.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 18.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 17 sentyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 18 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17.05.2021-dək Cavabdeh1 banka 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1330,80 manat əsas borc, 302,22 manat faiz borcu, 252,07 manat cərimə və kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1913,64 manat borcu vardır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. İş materiallarında olan 19.05.2020-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsinin müddəti 18.09.2020-ci il tarixədək uzadılır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 (1) saylı zaminlik müqaviləsindən görünür ki, 18.07.2019-cu il tarixli, 24- MZ-1-0-408-19 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 (2) saylı zaminlik müqaviləsindən görünür ki, 18.07.2019-cu il tarixli, 24- MZ-1-0-408-19 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 17.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 1330,80 manat əsas borc, 302,22 manat faiz borcu, 252,07 manat cərimə və kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1913,64 manat kredit borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyi,iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsi, 07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 (1) və 07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 (2) saylı zaminlik müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış fayda Məhkəmə iddiaçının cavabdehlərdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış faydanın tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, bu tələbin də qanuni əsasları vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 252,07 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 18.07.2019-cu il tarixli, 24-MZ-1-0-408-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1330,80 manat əsas borc, 302,22 manat faiz borcu, 10 manat cərimə və kredit müqaviləsi üzrə 18.12.2020-ci il tarixdən, 17.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1671,57 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar