Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3700/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1 və cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilən 17000 manat və əldən çıxmış fayda kimi borclu olduğu məbləğin 5 faizi, yəni 850 manat, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisində İddiaçı və Cavabdeh arasında 1 il müddətinə razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus olan “Gözəllik salonunda” cavabdeh “saç ustası” kimi fəaliyyət göstərmişdir. İddiaçı cavabdehin işləməsi üçün ona 17000 manat məbləğində pul vəsaiti verməyi, qarşılığında isə cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirsə də, cavabdeh 1-2 ay işlədikdən sonra heç bir ciddi səbəb göstərmədən, xəbərdarlıq etmədən müqavilənin şərtlərini pozaraq fəaliyyətini davam etdirməmişdir. İşlədiyi müddət ərzində belə işə vaxtında gəlməmiş, ödənişləri az etmişdir. Cavabdeh müqavilənin digər bəndlərinə zidd olaraq hazırda başqa gözəllik salonunda fəaliyyət göstərir. Cavabdehə borcunu ödəməsi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər dəfə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən 17000 manat pulun iddiaçıya geri qaytarılması zərurəti yaranmışdır. Əlavə olaraq əldən çıxmış fayda kimi cavabdeh ödəməli olduğu məbləğin 5 faizini, yəni 850 manat məbləğində əlavə pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, cavabdeh iş görməsi üçün iddiaçıdan 17000 manat pul alıb. Cavabdeh səbəbsiz heç yerə getməyib, sadəcə həmin salondan qovulub. Cavabdehin başqa yerdə işləməsi fikirləri ilə bağlı heç bir əsas yoxdur. Əgər iddiaçı cavabdehin həmin salonda işləməsinə şərait yaradarsa, o, pulu qaytara bilər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, həmin salonda işçidir. Cavabdeh işə düzələn zaman orada olub. Cavabdehə dəfələrlə irad tutsalar da, o, işə gec gəlir və müştərilərlə kobud davranırdı. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, hazırda həmin salonda işçidir. Cavabdehlə həmin salonda, bundan əvvəl də başqa salonda iş yoldaşı olub. Cavabdeh işə məsuliyyətlə yanaşmayıb. Müştəriyə salonu pisləyir, müştəriləri gözlədir, onlarla kobud rəftar edirdi. Mülki işin materiallarından olan 12.12.2019-cu il tarixli razılaşma müqaviləsindən müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən gözəllik salonunda Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində “saç ustası” fəaliyyəti ilə məşğul olmasına icazə verir, sonuncu isə əldə olunan gəlirdən bu müqavilə ilə müəyyən edilmiş müddətdə, qaydada və şərtlər daxilində ona müqavilədə qeyd olunan məbləği tam ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən İddiaçı Cavabdeh işləməsi üçün 17000 manat məbləğində pul vəsaiti ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən Cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni özü götürür, qalan 50%-ni İddiaçı saxlayır. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən Cavabdeh müqavilə müddəti başa çatanadək üzrlü səbəblərdən fəaliyyətini davam etdirə bilməyəcəyi təqdirdə nə ölkə daxilində, nə də ölkə xaricində heç bir halda eyni fəaliyyətlə məşğul olmamaq öhdəliyi vardır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya məxsus gözəllik salonunda işləməli, iddiaçı ona işləməsi üçün 17000 manat pul ödəməli, cavabdeh məşğul olacağı fəaliyyət nəticəsində əldə olunan bütün növ gəlirlərin 50%-ni özü götürməli, qalan 50%-ni iddiaçıda saxlamalı idi. İddiaçı cavabdehin işdən xəbərdarlıq etmədən və heç bir səbəb göstərmədən çıxdığını bildirir. Şahid ifadələri ilə bu hal təsdiq olunur. Cavabdeh isə 17000 manat pulu aldığını etiraf etsə də, işdən çıxma səbəbi kimi oradan qovulmasını əsas gətirir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin “əldən çıxmış fayda üçün 850 manat əlavə pul” hissəsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17000 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3700/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3700/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver