Məhkəmə qərarları › İş №2(012)-3710/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3710/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3710/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1465,12 manat əsas, 74,45 manat faiz borcu və 2,51 manat cərimə olmaqla, cəmi 1542,08 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 19.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 3000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 19.11.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.05.2021-ci ilədək Cavabdeh1 banka 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1465,12 manat əsas, 74,45 manat faiz borcu və 2,51 manat cərimə olmaqla, cəmi 1542,08 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul edərək iddia ərizəsinin təmin edilməsinə etiraz etmədilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kreditverən Nikoyl İKB ASC ilə kreditalan Cavabdeh1 arasında bağlanmış 19.11.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank borcalana 28 faizlə 18 ay müddətinə 3000 ABŞ dolları kredit verməyi, borcalan isə həmin kredit məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - Nikoyl İKB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 19.11.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borcalan tərəfindən kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - xəbərdarlıqdan və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1465,12 manat əsas, 74,45 manat faiz borcu və 2,51 manat cərimə olmaqla, cəmi 1542,08 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə Cavabdeh2 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Yelo Bank ASC-nin xeyrinə 1465,12 manat əsas, 74,45 manat faiz borcu və 2,51 manat cərimə olmaqla, cəmi 1542,08 manat borc müştərək qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1465,12 manat əsas, 74,45 manat faiz borcu və 2,51 manat cərimə olmaqla, cəmi 1542,08 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar