Məhkəmə qərarları › İş №2(012)-3727/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3727/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3727/2021 29.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 800,43 manat əsas kredit borcu, 7,02 manat faiz borcu, ümumilikdə 807,45 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 30.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə “xxxx” KB ASC-yə 800,43 manat əsas, 7,02 manat faiz borcu olmaqla, cəmi 807,45 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar (pretenziya qaydasında həll olunma) aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, “xxxx” KB ASC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 800,43 manat əsas kredit borcu, 7,02 manat faiz borcu, ümumilikdə 807,45 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 26 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.06.2018-ci il tarixli, 243micADJ/18-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh1 məbləği 10000 manat məbləğində olan krediti 24 ay müddətinə illik 26 % ödəmək şərti ilə vermiş, kredit alan isə razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC tərəfindən verilmiş 07.05.2021-ci il tarixli, Bank/Pikmd/954008 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə 243micADJ/18-EM saylı kredit müqaviləsi üzrə banka olan əsas borcu 800,43 manat əsas, faiz borcu 7,02 manat olmaqla, cəmi 807,45 manat təşkil edir. 02.03.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 banka olan borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdar olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. “xxxx” KB ASC ilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 30.06.2018-ci il tarixli, 243micADJ/18 saylı zaminlik müqavilələrindən görünür ki, “zaminlər” Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 30.06.2018-ci il tarixli, 243micADJ/18- EM saylı əsas kredit və bank hesabı müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 bank qarşısında borclu ilə birgə üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı hissəsində də iddia tələbi əsaslıdır və onlar borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı bank tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 800,43 manat əsas kredit borcu, 7,02 manat faiz borcu, ümumilikdə 807,45 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 800,43 (səkkiz yüz manat, qırx üç qəpik) manat əsas kredit borcu, 7,02 (yeddi manat, iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 807,45 (səkkiz yüz yeddi manat, qırx beş qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar