Məhkəmə qərarları › İş №2(012)-373/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-373/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-373/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 11000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı X5 Qobu qəsəbəsindən fərdi yaşayış evi tikmək üçün torpaq almaq istədiyini bildirmiş, o isə Qobu qəsəbəsində yaşayan qohumu Cavabdeh3 ilə onu tanış etmişdir. Cavabdeh3 Qobu qəsəbəsində yerləşən 1000 kv.metr və 800 kv.metr torpaq sahələrini ona göstərmiş, o bu sahələri bəyənmişdir. Torpaq sahələri bələdiyyə qərarları ilə ayrılmış, dövlət reyestr xidmətində qeydiyyatdan keçməmişdir. Bu torpaq sahəsinin qiymətini 6000 manata, 800 kv.metr torpaq sahəsinin qiymətini isə 13000 manata Cavabdeh3 ilə razılaşmışlar. 30 aprel 2021ci il tarixdə Cavabdeh3, o, tanışı X8, Cavabdeh2 Ağaəddin oğlu ilə birlikdə Nəsimi rayonunun ərazisində yerləşən 3 saylı notariat ofisinə gəlmişlər. İbrahimov X1 qəsəbəsində yerləşən 800 kv.metr torpaq sahəsi ilə, Cavabdeh3 isə 1000 kv.metr torpaq sahəsilə bağlı etibarnamə vermiş, torpaq sahələrinin ilkin sənədlərini ona təqdim etmişlər. O da 1000 kv.metr torpaq sahəsi üçün 6000, 800 kv.metr torpaq sahəsi üçün isə 13000 manat pulu tanışı X4 və Cavabdeh2 Ağaəddin oğlunun iştirakı ilə Cavabdeh3 vermişdir. Bir neçə gün sonra o, 800 kv.metr torpaq sahəsi üzərində tikinti işləri aparmışdır. Tikintiyə başladığı gündən bir ay sonra X9 adlı şəxs gəlmiş və dövlət reyestrindən çıxarışını göstərib, həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmişdir. O, torpaq sahəsinin ilkin sənədlərini ona göstərib, Qobu kəndində yaşayan Cavabdeh3 13000 manat dəyərində aldığını demiş, eyni zamanda, Cavabdeh3 da oraya çağırmışdır. Onlar məsələni aydınlaşdırmaq üçün Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə gəlmişlər. Torpaq sahəsinə baxış keçirilən zaman həqiqətən də həmin torpaq sahəsinin X6 məxsus olduğu müəyyən edilmişdir. O, bu torpaq sahəsi üzərində 28000 manata yaxın tikinti işləri aparmışdır. Torpağın mülkiyyətçisi X9 800 kv.metr torpaq sahəsini 18000 manat dəyərində satacağını bildirmiş, bu barədə Cavabdeh3 məlumat vermişdir. Cavabdeh3 demişdir ki:“verdiyin pulların 13000 manatı durur, 6000 manatını xərcləmişəm. 13000 manat pulu verəcəm sənə çatdırsınlar, üstünü düzəlt və həmin torpaq sahəsini al. Sonra mən sənə 5000 manat verəcəm, mən günahkaram, çünki torpaq sahəsini yoxlatdırmamış sənə satmışam.” O, 18000 manat dəyərində 800 kv.metr torpaq sahəsini X2 alqı-satqı yolu ilə almışdır. Cavabdeh3 6000 manat dəyərində satdığı 1000 kv.metr torpaq sahəsini də yoxlatdırmış, həmin torpaq sahəsinin də digər şəxsə məxsus olduğu müəyyən edilmişdir. Cavabdeh3 həmin torpaq sahəsi üçün verdiyi 6000 manat pulu istədikdə, onu arxayınlaşdırmışdır ki, hər iki torpaq sahəsi üçün qalmış 11000 pulu qaytaracaqdır. Lakin müəyyən müddət keçsə də, o, pulu qaytarmamışdır. Pulu ona Nəsimi rayonu ərazisində yerləşən 3 saylı Notariat Ofisinin həyətində verdiyi üçün ərizə ilə Nəsimi rayonu Polis İdarəsinə müraciət etmiş, istintaq şöbəsi tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmədilər və onun rədd edilməsini xahiş etdilər. Onlar bildirdilər ki, pul məsələsinin onlara aidiyyəti yoxdur. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, AR-İİ 310763 saylı etibarnamədən görünür ki, Cavabdeh1 adından Cavabdeh2 Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarına əsasən ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 800 kv.metr torpaq sahəsini və üzərində tikilini özgəninkiləşdirməyi, kadastr planı sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayış aldıqda sərəncam verməyi, bank əməliyyatları aparmağı, tikinti işləri aparmağı, icarə haqqı ödəməyi, notariat ofislərində alqı-satqı rəsmiləşdirməyi, bağışlamağı, bu barədə müqavilə imzalanması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetriliməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi 80 il 4 ay 30 gün müddətinə İddiaçı etibar etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, AR-İİ 310764 saylı etibarnamədən görünür ki, Cavabdeh3 Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarına əsasən ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 1000 kv.metr torpaq sahəsini və üzərində tikilini özgəninkiləşdirməyi, kadastr planı sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayış aldıqda sərəncam verməyi, bank əməliyyatları aparmağı, tikinti işləri aparmağı, icarə haqqı ödəməyi, notariat ofislərində alqı-satqı rəsmiləçdirməyi, bağışlamağı, bu barədə müqavilə imzalanması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetriliməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi 80 il müddətinə İddiaçı etibar etmişdir. İşdən görünür ki, İddiaçı Cavabdeh3 barəsində şikayət ərizəsilə xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-yə müraciət etmiş, toplanmış material xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və həmin tarixdə araşdırılması üçün İdarənin 19-cu PŞ-yə təhvil verilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayonu 19-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh3 barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Materiallardan görünür ki, mübahisə üzrə Cavabdeh3 izahatı alınmışdır. Cavabdeh3 göstərmişdir ki, torpaq sahələrinə görə İddiaçı aldığı 19000 manat əvəzinə ona 16500 manat qaytarmışdır və ona cəmi 2500 manat borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iki ədəd torpaq sahəsinin alınmasına dair şifahi razılaşma olmuş, iddiaçı 800 və 1000 kv.metrlik torpaq sahələri üçün ümumilikdə 19000 manat vəsait (6000+13000) vermişdir. Lakin sonradan məlum olmuşdur ki, ona göstərilən hər iki sahə başqa şəxslərin mülkiyyətindədir. Bu zaman iddiaçı öz pulunu Cavabdeh3 tələb etmiş, bu öz nəticəsini vermədiyindən iddiaçı onun barəsində müvafiq polis orqanına şikayət ərizəsi yazmış, son nəticədə material Bakı şəhəri Nəsimi Rayonu 19-cu Polis Bölməsində araşdırılmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh3 izahatında göstərmişdir ki, iddiaçıdan torpaq sahələrinə görə cəmi 19000 manat pul almış, bundan 16500 manat qaytarsa da, ona cəmi 2500 manat borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh3 torpaq sahələrinin verilməsi müqabilində İddiaçı ümumilikdə 19000 manat pul almasını etiraf etmişdir. O, bu vəsaitdən 16500 manat qaytardığını bildirsə də, məhkəmə buna tənqidi yanaşır. Belə ki, iddiaçı hazırda bildirir ki, verdiyi puldan 11000 manat ödənilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qaytarılan pulun məbləği 8000 manatdır, qalan 11000 manat pulun qaytarılması barədə işdə hər hansı mötəbər sübut yodur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Cavabdeh3 İddiaçı hesabına 11000 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Bununla belə, işdən görünür ki, iddiaçı borcu eyni zamanda, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, pul münasibətləri Cavabdeh3la İddiaçı arasında yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11000 manat məbləğində pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla, o cümlədən cavabdehin polis orqanlarında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 123 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 11000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar