Məhkəmə qərarları › İş №2(012)-3731/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3731/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3731/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 3300 manat və 53 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı səhhəti ilə əlaqədar təqaüd almış, aldığı təqaüdün vaxtı oktyabr ayında bitdiyi üçün işlədiyi yerdən müştəri kimi tanıdığı Cavabdeh təqaüdü öz tanışları vasitəsilə düzəldəcəyinə köməklik edə biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı cavabdehi tanıdığı üçün ona inanmış, cavabdeh 3000 manat müqabilində ömürlük təqaüdün düzəldilməsini təşkil edəcəyini bildirmiş, bundan sonra iddiaçı 3000 manat düzəldib 2022-ci ilin may ayının sonlarında yaşadığı evin qarşısında həmin pulu vermişdir. Bundan sonra 2022-ci ilin avqust ayında cavabdeh əlavə olaraq 6600 manat sığorta pulu almağına köməklik edə biləcəyini də bildirmiş, lakin həmin sığorta pulunun alınması müqabilində 1200 manat pul vəsaitini iddiaçıdan istəmişdir. İddiaçı 6600 manatın alınmasında köməklik göstərməsini, həmin puldan isə 1200 manat verəcəyini bildirmişdir. Lakin cavabdeh iddiaçı ilə razılaşmamışdır. Bundan sonra 2022-ci ilin sentyabr ayında cavabdeh sığorta pulu verilməli olduğunu, həmin pulun qarşılığında heç olmasa, 400-500 manat pul verməyini istəmiş, iddiaçı isə 300 manat pul verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşmış, iddiaçı həmin pulu “Leobank” kart hesabına göndərmişdir. Cavabdeh iddiaçıya həmin sığorta pulunu təqaüd yenilənəndən sonra veriləcəyini bildirmiş, iddiaçı da ona inanmışdır. 2022-ci ilin oktyabr ayında iddiaçıya təyin olunmuş təqaüd dayanmış, bundan sonra iddiaçı həmin təqaüdün yenilənmədiyini bildirmiş, lakin cavabdeh yenə də müxtəlif bəhanələrlə verdiyi vədini yerinə yetirməmişdir. İddiaçı təqaüd və sığorta pulu məsələsinin həll olunması üçün ümumilikdə, 3300 manat pulu versə də cavabdeh işi həll etməmiş, nə də verdiyi pulu qaytarmışdır. İddiaçı cavabdehin onu aldatdığını başa düşüb polisə müraciət etmiş, cinayət işi başlanmışdır. İstintaq aparılarkən Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan suiistifadə edib aldadaraq təyin olunmuş təqaüdün yenilənməsinə və sığorta pulunun alınmasına köməklik edəcəyinə inandırıb ümumilikdə 3300 manat ziyan vurmaqla dələduzluq etməsi təsdiq olunmuşdur. Sonradan cavabdeh Abşeron rayon Məhkəməsinin 1(012)-417/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iclaslarında işə baxılarkən ümumilikdə 3300 manat maddi ziyanın vurulması müəyyən olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında onun iddiaçıya olan 3300 manat borcunun olduğunu etiraf edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, cavabdehin etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-417/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Şərifov X1 rayonu, H.Abdullayev küçəsi, 4 saylı evin, 15 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 9 saylı evin, 6 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı təqaüd düzəltdirmək məqsədilə Cavabdeh ümumilikdə, 3300 manat vermişdir. 3300 manat pulun müqabilində iddiaçıya təqaüd düzəltdirmək vədini vermiş cavabdeh vədinə əməl etmədiyindən hazırda, iddiaçı həmin pulun məhkəmə qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı qeyd olunan məbləğdə pul vəsaitini cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh pul vəsaitinin alınması müqabilində öhdəliklərinin icrasından yayınmışdır. Mülki iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-417/2023 saylı hökmünə əsasən, iddiaçının cavabdehə təqaüd düzəltdirmək niyyətilə pul vəsaitini verməsi və cavabdehin öhdəliyini icra etməməklə özünü təqsirli bilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2.-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 3300 manat borcunun qalmasına dair cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 3300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq 53 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 3353 (üç min üç yüz əlli üç) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar